İnsan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, yüksək nailiyyətlər əldə olunmuşdur.
Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə qərara alıram:
1. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il.
“2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”