Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib.
Bunu övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan işlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib.
O diqqətə çatdırıb ki, Fərmana əsasən övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə övladlığagötürmə sahəsində dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.
Sənəddə nazirlik üzrə müəyyən olunan vəzifələr sırasına, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması, övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi və s. daxildir. Nazirliyə, eləcə də Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq verilməsi və həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin görülməsi və digər vəzifələr həvalə olunub.
S.Qocayev bildirib ki, qeyd olunan tapşırıqların icrası məqsədilə beynəlxalq məsləhətçi şirkətin dəstəyi, övladlığagötürmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, sərbəst ekspertlər və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır. Mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla övladlığagötürmə prosesi, bu sahədə idarəetmə-təşkilati struktur və hesabatlılıq üzrə modelin hazırlanması istiqamətində intensiv işlər görülür. Hazırda Nazirlik tərəfindən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları”nın qərar layihəsinin, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin, müvafiq qanunvericilik aktlarında dəyişiklik layihələrinin hazırlanması üçün işçi qrup fəaliyyət göstərir. İşçi qrup həmçinin Fərmana uyğun olaraq, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması üçün müvafiq işləri görür. Övladlığagötürmə prosesinin İKT imkanlarından geniş istifadə edilməklə tam elektronlaşdırılması, prosesin sadələşdirilməsi və əlçatanlığının artırılması, həmçinin bu sahədə şəffaflıq təmin ediləcəkdir.
S.Qocayev övladlığa verilən uşaqlarla bağlı nəzarət tədbirlərinin mütəmadi aparılacağını da deyib və bildirib ki, övladlığa verilməsi çətin olan uşaqların övladlığa verilməsini stimullaşdırmaq üçün əlavə dəstək mexanizmləri təklif olunacaqdır.