Yanvarın 23-də Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilirb.
ASK-nın prezidenti Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin son illər sürətli inkişafa nail olduğunu, xalqımızın rifah səviyyəsinin yüksəldiyini, dövlətimizin dünyada nüfuzunun artdığını deyib.
“Əmək bazarının tələblərinə uyğun yüksək təhsil və təlimin təşkili, dayanıqlı iqtisadi artım, əmək bazarına aid təkmil analiz və statistika, həssas qrupların əmək bazarına inteqrasiyası yüksək səviyyəli məşğulluğun təmin olunması üçün əsas tərkib elementlərindəndir”, - deyə o bildirib.
M.Musayev qeyd edib ki, ASK ölkəyə xarici investorları cəlb etmək üçün danışıqlar aparır: “Bu gün Azərbaycanın 45 milyard manat valyuta ehtiyatı var. Xarici investisiyaların cəlb olunması isə yeni texnologiya, peşə və sənət, eləcə də müasir metodlar deməkdir. Bunun üçün ölkəyə xarici investorları cəlb etmək daha məqsədəuyğundur. Bu, həm də xarici investorlarda Azərbaycan bazarı haqqında daha aydın təsəvvür formalaşdırır”, - deyə o bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın məşğulluq sahəsində göstəricilərinə görə dünyada ən yaxşı mövqelərdən birinə malik olduğunu deyib. Bildirib ki, ölkədə hər il əmək bazarına 100 min gənc daxil olur. Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisində gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Ölkədə əhalinin 25 faizindən çoxu məhz 14-29 yaş arasındadır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizi yaşı 29-dan aşağıdır. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir. Ölkədə hazırda 14-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,2 faiz təşkil edir. Bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfədək çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasi kursu nəticəsində ölkədə işsizlik 5 faiz həddinə enib. Məşğulluğun təmin olunmasında sözsüz ki, bir sıra komponentlər çox böyük əhəmiyyət daşıyır”.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev isə sosial partnyorluq münasibətlərinin günü-gündən inkişaf etdiyini bildirərək, konfransın sosial tərəfdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda gənclərin sayı sürətlə artır, bu baxımdan onların məşğulluğu məsələsi də problem olaraq ortaya çıxır. İqtisadiyyat sahəsində məşğul olan əhalinin 25 faizindən çoxu 15-29 yaşında olan gənclərdir. Hər il orta hesabla 33-35 min tələbə universitet bitirir ki, onların da işlə təmin olunması problem olaraq qarşıya çıxır. Əmək bazarında və ya təhsildə olmayan gənclərin xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək və 2025-ci ilədək bütün əhali qrupları, xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər üçün səmərəli məşğulluğa, layiqli əməyə nail olmaq nəzərdə tutulur.
Təhsil nazirinin müavini İdris İsayev deyib ki, 2018-ci ildə peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil olunub: “Gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına səbəb təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olmasıdır. Bu gün peşə təhsili sistemində ciddi islahatlar həyata keçirilir. Bəzən əmək bazarında lazım olmayan sayda kadrların hazırlanması, onların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi məşğulluqla bağlı problem yaradır. Təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün də tədbirlər həyata keçirilir. Aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Azərbaycanda gənclər ilə bərabər xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud olan insanların məşğuliyyətinin təmin olunmasına diqqət mərkəzində saxlanılır: “BMT-nin Azərbaycandakı nümayəndəliyi ölkədə yeni layihənin icrasına başlayacaq. Layihənin məqsədi sağlamlıq imkanları məhdud olan insanların məşğuliyyətinin təmin edilməsidir. Layihəyə, həmçinin sağlamlıq imkanları məhdud insanlara qarşı cəmiyyətdə münasibətin dəyişməsi, onların cəmiyyətimizə sağlam inteqrasiyası kimi məsələlər daxildir. Layihənin tezliklə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin büdcəsi təqribən 3-4 milyon manat olacaq”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı isə Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib, Strateji Yol xəritələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, islahatlar çərçivəsində ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev qeyd edib ki, ölkədə ixtisara düşən gənclərin məşğulluğu üçün qanuna dəyişiklik edilir. Milli Məclisdə müzakirəyə çıxarılacaq “Məşğulluq haqqında” Qanun layihəsində gənclərin müəyyən kvotalar üzrə işə götürülməsi və sosial iş yerləri açıldıqda işəgötürənin gənclərə daha çox üstünlük verməsi üçün xüsusi maddələrin olması ilə bağlı dəyişikliklərin edilməsi nəzərdə tutulub. "Gənclər siyasəti haqqında" Qanuna təklif edilən yeni dəyişikliklər də yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq. 14 maddədən ibarət olan layihə üzrə 25 dəyişikliyin olması nəzərdə tutulur. Bu dəyişikliklər gənclərin hərtərəfli inkişafı - istər onların məşğulluq məsələsinin təminatında, istərsə də sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlıdır.
O əlavə edib ki, qanun layihəsində yeni istiqamətlərdən biri də peşə hazırlığı, sahibkarlığın dəstəklənməsi, ümumilikdə dövlətin gənclər siyasəti ilə bağlı bütün təşəbbüslərin dəstəklənməsidir: “Müvafiq icra hakimiyyəti orqanları peşə, orta ixtisas və ali təhsilli gənclərin elektron uçotunu aparmağı nəzərdə tutur. Dəyişikliklərdə diqqətçəkən əsas məqamlardan biri odur ki, sosial müdafiəyə ehtiyacı olan, risk qrupu altında olan gənclərin, cəzaçəkmə müəssisələrindən çıxan, özlərindən asılı olmayan səbəblərdən işdə ixtisara düşən, hərbi xidmətdən tərxis olan gənclərin işlə təmin olunma məsələləri və müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə hazırlığı və həyata keçirilən proqramlara cəlb olunması nəzərdə tutulub”.
Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkə üzrə ofisinin direktoru Olqa Kulayeva isə deyib ki, gənclərin məşğulluğu və təhsilinə uyğun işlə təmin olunması təkcə Azərbaycan deyil bütün dünyada aktual məsələdir: “Çünki məhz gənclər cəmiyyətin əsas kateqoriyası hesab olunur. Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda gənclərin məşğulluğu siyasətinin aktiv əmək bazarı proqramları əsasında inkişafını dəstəkləyir. Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması sahəsində aparılan siyasət BMT-nin 2030-cu ilədək dövrü əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğundur”.
Konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün çağırışları, perspektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik mövzularında panel sessiyalar keçirilib. Həmçinin Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi” mövzusunda hazırladığı qlobal hesabatının təqdimatı olub.
Azərtac