Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib.
Hələ ötən əsrin 90-cı illərində ulu öndərimizin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə sosial cəhətdən həssas əhali qrupları, o cümlədən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Hazırda Azərbaycan Respublikasının Prezidentinin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri ayda 300 manat və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər - I qrup əlillər 182 manat, II qrup əlillər 158 manat, III qrup əlillər 121 manat təqaüdlə təmin olunurlar. Prezidentin aylıq təqaüdü ilə bərabər, 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, həmçinin onların uşaqlarına müavinət ödənilir.
Şəhid ailəsi üzvlərinə pensiya təyinatı zamanı əlavə üstünlük verilməklə, onların əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə müharibə əlilləri ilə bərabər, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin də mənzillə, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərinin minik avtomobilləri ilə təminatı həyata keçirilib. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Bununla yanaşı, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardmlar verilib.
Bu təbəqədən olan insanlar üçün qanunvericlik aktlarında bir sıra güzəşt və imtiyazlar da əksini tapıb. Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işlərində də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər daim diqqətdə saxlanılır.