10 may - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Bu gün, 10 may bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Xalqımız və bütün dünya azərbaycanlıları Ulu Öndərin işıqlı xatirəsini bir daha ehtiramla anaraq, onun müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və uzunmüddətli inkişafı naminə misilsiz tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayır.
Ulu Öndər Heydər Əliyev hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən onun yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və tükənməz enerjisi, qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib və geridə qalmış aqrar ölkədən keçmiş SSRİ-nin ən qabaqcıl sənaye ölkəsinə çevrilib. Həmin dövrdə Azərbaycan xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirərək əsas makroiqtisadi, o cümlədən sosial göstəricilərinə görə keçmiş sovetlər birliyində ön cərgədə qərarlaşıb. Həmçinin keçmiş ittifaqın böyük şəhərlərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində minlərlə azərbaycanlı gəncin ali təhsil alması, orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsinin dəfələrlə genişləndirilməsi, yeni ali təhsil müəssisələrinin açılması, respublikada yüksək ixtisaslı mütəxəssislər ordusunun yaradılması təmin edilib. Xüsusən də həmin dövrdə Azərbaycanda yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəb ölkəmizin peşəkar hərbi kadrlar potensialının, milli zabit heyətinin formalaşmasına şərait yaradıb. 2020-ci ildə möhtəşəm Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsində də həmin hərbi məktəbin yetirmələri böyük şücaətlər göstərərək şanlı qəhrəmanlıq tarixi yazıblar.
1993-cü ilin iyun ayında xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas etməklə, sosial tənəzzülün də qarşısını alıb. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli inkişaf yoluna çıxarıb, əbədiliyini, dönməzliyini təmin edib. Ulu Öndər ölkəmizin iqtisadi inkişafının, sosial dövlət modelinin əsaslarını, mlli-ideoloji birliyin təməlini formalaşdırıb, eyni zamanda, şanlı Zəfər salnaməsi yaradan qüdrətli ordu quruculuğunu həyata keçirib.
“Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik” deyən Ümummilli Lider Heydər Əliyevin xüsusi qayğısı nəticəsində milli sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi proseslərinə başlanıb. Onun qəbul etdiyi mühüm qərarlar nəticəsində sosial müdafiə tədbirlərinin, sosial ödənişlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. 1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb, Əmək Məcəlləsi qəbul edilib, məşğulluq sahəsində milli qanunvericilik formalaşdırılıb, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə, müharibə ilə əlaqədar əlilliyi olanların avtomobillərlə təminatına və digər mühüm sosial proqramlara başlanıb.
Ulu Öndər Heydər Əliyevin şah əsəri – müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daim böyük uğurlara, qələbələrə, zirvələrə doğru inamla irəliləyir. 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etməsi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi tariximizin ən şanlı səhifəsidir.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır" deyən dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla sosial müdafiə və aktiv məşğulluq proqramlarının xeyli genişlənməsi, müasir və etibarlı, dayanıqlı sosial müdafiə sisteminin qurulması, sosial ödənişlərdə davamlı artımlar təmin edilib. Prezident İlham Əliyevin fərman və sərəncamları ilə xüsusilə son 5 ildə 4 sosial islahat paketi icra olunaraq vətəndaş rifahının təminatı istiqamətində ciddi irəliləyişlərə nail olunub.
Həmin dövrdə minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 60 faiz, median əməkhaqqında iki dəfədən çox, əməkhaqqı fondunda 2,5 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə 5 dəfə artım baş verib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mühüm sosial müdafiə proqramlarından biri - şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı uğurla davam etdirilərək, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə isə 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə 13460 mənzil və fərdi ev verilib. Həmçinin postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324, ötən dövrdə 7500-dən çox minik avtomobili təqdim edilib.
Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. Bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz üzərindədir. Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST mərkəzlərinin açılması üçün işlər aparılır.
Mühüm sosial uğurlardan biri kimi, son illər ölkəmizdə müasir reabilitasiya və sosial xidmət infrastrukturu da qurulub, reabilitasiya xidmətləri ilə təmin olunanların illik sayı dəfələrlə artıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayında Bakıda Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı - sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafına dəstək verən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi açılıb.
Eyni zamanda, dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi sahəsində son illər mühüm nailiyyətlər əldə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən 140-dan çoxu artıq elektronlaşdırılıb və hazırda nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir. 2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı mexanizmləri işə salınıb. Son illərin sosial islahatları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunun əyani təzahürləri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və bu ilin ötən dövründə 34 beynəlxalq mükafata sahib olub.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə, sosial sahəyə xüsusi diqqət və qayğı ilə davam etdirilən uğurlu sosial inkişaf strategiyası ölkəmizdə qarşıdakı dövrdə də yeni-yeni sosial uğurların əldə olunmasına təminat yaradır.