Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiya və sosial müavinət alan şəxslər arasında təşkil olunan Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və gücləndirilməsi istiqamətində xidmətlərini diqqətə çatdırıb. Nazir müavini Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatların nailiyyətlərini qeyd edib. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Ümumrespublika Şahmat Turnirinin əhəmiyyəti vurğulanıb, həvəskar şahmatçıların bu kütləvi tədbirə böyük maraqla qoşulduğu, yarışda DSMF tərəfindən pensiya və müavinətlə təmin olunan 1500-ə yaxın şəxsin iştirak etdiyi bildirilib. Final mərhələsində I yeri İlqar Şiriyev, II yeri Yaşar Məmmədov, III yeri isə Eldar Məmmədov qazanıb. Qaliblərə diplom və mükafatlar təqdim edilib. Turnirin ən yaşlı qadın iştirakçısı 72 yaşlı Zərifə Dürüstkari və ən yaşlı kişi iştirakçısı 91 yaşlı Bəbir Hüseynov təşəkkürnamə ilə təltif olunub.
Göstərilən platformalarda paylaş: