Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda əmək hüquqlarının etibarlı təminatı” mövzusunda konfrans keçirilib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutları və işəgötürənlərin nümayəndələri iştirak edib.
Konfrans Ulu Öndər Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi sahəsində xidmətlərindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin sosial inkişaf strategiyası ölkəmizdə sosial müdafiə sisteminin qurulması və ildən-ilə güclənməsinə imkan verib.
Hər bir işləyən insanın əmək hüquqlarının qorunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edən Ulu Öndərin 1997-ci il 27 yanvar tarixli Fərmanı ilə ölkəmizdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi, hazırki Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılıb. Onun imzaladığı qanunla 1999-cu ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi təsdiq edilib.
Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyi vurğulanıb, dövlət başçısının tapşırıqlarına əsasən ölkəmizdə sosial sahədə aparılan islahatlar diqqətə çatdırılıb.
Xüsusilə son 5 ildə 4 sosial islahat paketinin icra olunduğu, həmin dövrdə sosial ödənişlərdəki ciddi artımlar, habelə minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 60 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verdiyi qeyd edilib.
Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxış edib, habelə BƏT-in bölmə rəhbəri Yoaquim Pintado Nunesin videomüraciəti, BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyevin çıxışı dinlənilib.
Əməyin mühafizəsi sahəsində müsbət təcrübəyə malik işəgötürənlər və əmək-sosial hüquqlar barədə ictimai maarifləndirməyə töhfə verən QHT-lərə mükafatlar təqdim edilib.
İlk panel iclasında “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
İclasda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində həyata keçirilən islahatlara dair müzakirələr aparılıb. Konfrans əməyin mühafizəsi məsələlərinə həsr olunmuş ikinci panel iclası ilə yekunlaşıb.