Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirə tədbiri keçirilib.
Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov və digər şəxslər iştirak edib.
Ulu Öndər Heydər Əliyevin 25 il əvvəl, 1998-ci ilin 8 aprelində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gələrək burada yaşayan ahıl insanlarla görüşünü əks etdirən videogörüntülər nümayiş olunub.
H.Abdullayev 1993-cü ildə xalqın çağırışı ilə yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət quruculuğunu həyata keçirməklə bərabər, ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırdığını vurğulayıb.
Qeyd edilib ki, 25 il əvvəl, Qurban bayramı ərəfəsində Ulu Öndər Heydər Əliyevin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gələrək müəssisə sakinlərini təbrik edib və həmin görüşdə çıxışı zamanı bildirib: “Əmin ola bilərsiniz ki, sizin həyatınız, yaşayışınız daim bizim, Prezidentin qayğısı altındadır və bundan sonra da belə olacaqdır.” Aradan ötən dövrdə bu sözlər real həyatda öz təsdiqini tapıb, ölkəmizdə ahıl vətəndaşlara qayğı ildən-ilə artıb.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə, həmçinin sosial sahədə mühüm nailiyyətlər əldə edib. Ahıl şəxslərin yaşadığı bu müəssisədə də müasir tələblərə uyğun şərait yaradılıb, müəssisənin 5 mərtəbəli 170 yerlik əlavə korpusu da tikilərək istifadəyə verilib.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinlərinə qayğısı, Fondun dəstəyi ilə burada tez-tez humanitar məqsədli tədbirlər keçirildiyi qeyd olunub.
A.Rəhimzadə, C.Alxasov, digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin inkişafı, ahılların sosial müdafiəsinin gücləndirilməsi uçün göstərmiş olduğu mühüm tarixi xidmətləri diqqətə çatdırıblar.
25 il əvvəl Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru işləmiş Bəhruz Əlmədətov Ulu Öndərimizin bu müəssisəyə gəlməsindən, ahıllarla səmimi həmsöhbət olmasından bəhs edib, bu görüşün ahıllara böyük diqqət və qayğının nümunəsi olduğunu vurğulayıb.
Həmçinin Ahıllar evinin sakinləri Ümummilli Lider Heydər Əliyevlə bağlı daim qəlblərində yaşayan işıqlı xatirələrini bölüşüblər.
Qeyd olunan sosial xidmət müəssisəsində hazırda 200-ə yaxın sakin yaşayır. Burada hər bir otaq lazımi məişət avadanlıqları ilə təmin edilib, ahıl şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları üçün mühüm tədbirlər görülüb.