Uşaq doğularkən ailəyə uşağın anadan olmasına görə 500 manat məbləğində birdəfəlik müavinət verilir. Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, uşağın anadan olmasına görə birdəfəlik müavinət işləyən ataya verilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an elektron sistem üzərindən proaktiv qaydada təyin olunur.
İki və ya daha çox uşaq doğulduqda da həmin birdəfəlik müavinət doğulan uşaqların sayına görə olmaqla hər uşaq üçün ödənilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.
Uşaq ölü doğulduqda uşağın anadan olmasına görə birdəfəlik müavinət verilmir.