Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi, bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);
iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).
Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.
Hamiləliyə və doğuma görə müavinətin alınması üçün müəssisə tərəfindən e-qayada DSMF-ə təqdim edilən sənədlər:
Xəstəlik vərəqələrinin surəti;
Sığortaedənin «Müavinət təyin edən komissiya»sının protokolunun surəti;
Hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsi barədə əmrdən (sərəncamdan) çıxarış;
Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli;
Müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı).