ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət

   Bu müavinətin verilməsi üçün xəstəlik vərəqələri verilir, müavinətin məbləği isə sığortaolunanın qazancına görə dəyişir. Müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Müavinət stajdan asılı olaraq ümumi qazancın 60 faizi, 80 faizi və 100 faizi miqdarında ödənilir.

   Müavinətin məbləği əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq hesablanır. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancını həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Bu iş günlərindən sığortaolunanın xəstəlikdə, hamiləlik və doğumda, həmçinin uşağa qulluqda olduğu dövrə düşən iş günləri çıxılmalıdır. Müavinətin ümumi məbləği isə orta gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

   Sığortaolunan əsas iş yerindən əlavə başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlər üçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

    Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaiti hesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyi qazancı, qalan günlər üçün isə müavinət sığortaolunanın bütün qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
    
   Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün müəssisə tərəfindən e-qaydada DSMF-ə təqdim edilən sənədlər:

 Xəstəlik vərəqəsinin surəti;
 Sığortaedənin «Müavinət təyin edən komissiya»sının protokolunun surəti;
 Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəli;
 Müavinət alan şəxsin bank rekviziti və ya poçt ünvanının (faktiki yaşayış ünvanı).