ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Əlilliyi olan şəxslərin minik avtomobili ilə təmin edilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-ci maddəsinə əsasən aşağıda qeyd olunan imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

4. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər barəsində Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin minik avtomobilinə təyinatla bağlı müvafiq rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik qaydasında avtomobillə təmin edilirlər.

Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından şəxsi kabinetinə daxil olaraq əldə edə bilər.

Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.