“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan aşağıdakı şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir:
Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.
Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.
Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.
İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.
İmtiyazlı şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə, eləcə də Nazirliyin 142 Çağrı Mərkəzinə zəng edərək müraciət edirlər.
Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.