ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Evdə (səyyar) sosial xidmətin göstərilməsi

Ümumi məlumat

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan aşağıdakı şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir:

  • tənha ahıllar;
  • ahıl ər-arvadlar;
  • əlilliyi olan şəxslər;
  • xəstəliyin terminal (son) mərhələsində olan şəxslər.

Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.

Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.

İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

Müraciət qaydası

İmtiyazlı şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə, eləcə də Nazirliyin 142 Çağrı Mərkəzinə zəng edərək müraciət edirlər.

Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

Tələb olunan sənədlər

  • şəxsiyyət vəsiqəsi;
  • şəxsin əlilliyini müəyyən edən TSEK-in qərarı;
  • şəxsə qulluq və kömək göstərə biləcək qohumlarının və ya qanuni nümayəndələrinin olmaması barədə qərar;
  • tibb müəssisələri tərəfindən verilmiş tibbi arayış.

Sosial işçi tərəfindən göstərilən xidmətlər

  • sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;
  • qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, əlilliyi olan uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;
  • əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərmək;
  • əlilliyi olan uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;
  • əlilliyi olan uşaqların sosial uyğunlaşmasına dəstək vermək;
  • əlilliyi olan uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;
  • ailənin sosial inkluziyasına köməklik göstərmək;
  • əlilliyi olan uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək;
  • sosial xidmətə ehtiyacı olan şəxsin asudə vaxtının səmərəli təşkilini təmin etmək.

Sosial xidmətçi tərəfindən göstərilən xidmətlər

  • yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);
  •  özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;
  • şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;
  •  yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;
  • yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;
  • paltarların xırda təmirini etmək;
  • mənzili yığışdırmaq və təmizləmək;
  • zəruri ərzaq, sənaye və məişət mallarını almaq;
  • mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;
  • istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;
  • həyətyanı sahəni nizama salmaq;
  • evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;
  • sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.

Xidmətin dayandırılma halları

  • sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamağa başladıqda;
  • tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;
  • əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda;
  • sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə;
  • dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətin, habelə qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda.