Sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” Qanununa uyğun olaraq sosial xidmət göstərilir.
Sosial xidmət dedikdə çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər nəzərdə tutulur.
Şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir:
- uşaqların valideyn himayəsindən məhrum olması;
- uşaqların əlilliyinin olması;
- yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;
- xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması.
- şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;
- insan alverinin qurbanı olması;
- uşağın cinsi istismar və ya cinsi zorakılıq qurbanı olması;
- məişət zorakılığından zərər çəkməsi;
- müəyyən yaşayış yerinin olmaması;
- valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması;
- şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.
Qanuna uyğun olaraq sosial xidmətin aşağıdakı formaları vardır:
- evdə (səyyar) sosial xidmət;
- yarımstasionar (günərzi) sosial xidmət;
- stasionar sosial xidmət;
- sosial-məsləhət yardımı.
Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) göstərilən social xidmətlər təyinatından asılı olaraq aşağıdakı növlərə bölünür:
- sosial-məişət xidmətləri – şəxslərin (ailələrin) məişət şəraitinin, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
- tibbi-sosial xidmətlər – şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir;
- sosial-psixoloji xidmətlər – şəxslərin cəmiyyətə adaptasiyası məqsədilə psixoloji yardımı nəzərdə tutur;
- sosial-pedaqoji xidmətlər – yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir;
- sosial-iqtisadi xidmətlər – şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir;
- sosial-hüquqi xidmətlər – hüquqi yardım göstərilməsi, şəxslərin hüquqlarının qorunmasına yönəlmişdir;
- sosial-mədəni xidmətlər – şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönəlmişdir;
- palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.