ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Sosial sığorta və pensiya siyasəti şöbəsi

Əsasnamə 209.13K

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının struktur bölməsi olan Sosial sığorta və pensiya siyasəti şöbəsi (bundan sonra - şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində  sosial sığorta və əmək pensiyaları, dövlət icbari şəxsi sığorta sahəsində dövlət siyasətinin işlənib hazırlanmasını, sığorta-pensiya sisteminin dinamik inkişafı və maliyyə dayanıqlılığının möhkəmləndirilməsi, vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılması, uzunmüddətli dövr üçün sığortaolunanların və pensiyaçıların etibarlı sosial müdafiəsi, həmçinin dövlət icbari şəxsi sığorta fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflərin və tədbirlərin işlənib hazırlanmasını təmin edir, sığorta-pensiya sisteminin, eləcə də dövlət icbari şəxsi sığorta fəaliyyətinin mütəmadi təhlilini və qiymətləndirilməsini həyata keçirir, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında sosial sığorta, dövlət icbari şəxsi sığorta və pensiya sahəsində beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir və müvafiq sahədə fəaliyyətin səmərəliliyinə, dövlət xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılmasına nəzarət edir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"ni, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının digər struktur bölmələri, strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (bundan sonra – Nazirliyin strukturları), eləcə də, mərkəzi və yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.