Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) Aparatının struktur bölməsi olan Beynəlxalq əlaqələr şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq əlaqələrinin qurulmasını və inkişafını təmin edir.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra - Nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin digər struktur bölmələri, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin səfirlikləri (diplomatik nümayəndəlikləri), konsulluqları və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, xarici ölkələrin əmək, məşğulluq və sosial müdafiə sahələrində fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanları (nazirliklər, komitələr, agentliklər), assosiasiyalar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və mərkəzləri ilə Azərbaycan Respublikasının xarici siyasətinə uyğun qarşılıqlı fəaliyyət göstərir.