Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq layihələrinə elektron qaydada müraciət imkanı yaradacaq.
Vakansiyaları, işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olan altsistem vasitəsilə məşğulluq xidmətlərinə real vaxt rejimində çıxış və onlardan istifadə mümkün olacaq.
Vətəndaşlar e-sosial və ya e-gov.az portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olacaq, burada özlərinə şəxsi kabinet yarada biləcəklər. Daha sonra isə bu altsistemdə işaxtaran kimi qeydiyyatdan keçə, vakansiya siyahısı ilə tanış ola, həm də aktiv məşğulluq layihələri (peşə hazırlığı kursları, özünüməşğulluq proqramı, peşəyönümü məsləhət tədbirləri, əmək yarmarkaları, “Karyerada ilk addım” tədbirləri) üçün müraciət etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, “Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabineti də olacaq. İştirakçıya dair kabinetdə onun özünüməşğulluq proqramına dair bütün məlumatları yer alacaq və həmin məlumatların ictimai açıqlığı təmin ediləcək.