Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna çıxmasını təmin edən Ümummilli Lider Heydər Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsini, vətəndaş rifahının təminatını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edərək, ölkəmizdə güclü sosial siyasətin əsaslarını formalaşdırıb. Ulu Öndərin müəllifi olduğu, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında da Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu qeyd olunur.
Hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından qabaqcıl ölkələr sırasına çıxaran Ümummilli Lider Heydər Əliyev o zaman da sosial sahəni, əhalinin rifahını daim diqqət mərkəzində saxlayaraq, respublikanın sosial inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olunmasını təmin edib. Qeyd edilən dövrdə böyük sayda işçi tutumuna malik yeni sənaye sahələrinin, yüzlərlə müəssisənin yaradıldığı, sənayenin dinamik inkişaf etdiyi Azərbaycanda iqtisadi tərəqqi prosesləri ilə paralel olaraq əhalinin gəlirləri, rifah səviyyəsi ildən-ilə artıb, ixtisaslı mütəxəssislərin hazırlanması və yüksək səviyyəli kadr potensialının yaradılması, əmək qabiliyyətli əhalinin məşğulluğa cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətlərində mühüm nailiyyətlər əldə olunub.
1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı o zaman məhvə aparan təhlükəli proseslərdən, dərin siyasi, iqtisadi və sosial böhrandan, vətəndaş qarşıdurmasından xilas edərək, müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxmasını təmin edib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsini dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edən Ümummilli Lider Heydər Əliyev deyib: “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik”.
Ulu Öndərin sosial sahəyə xüsusi qayğısı nəticəsində sosial təminat sisteminin gücləndirilməsi, əməkhaqqı, pensiya və müavinətlərin artırılması üçün mühüm addımlar atılıb. Sosial müdafiə tədbirlərinin, sosial ödənişlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Eyni zamanda, yeni mühüm sosial proqramlara (şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillərlə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillərlə təminatı, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi, yeni bərpa mərkəzlərinin yaradılması, əlilliyi olan şəxslərin qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərinin təşkili və s.) da başlanıb.
1993-2003-cü illərdə sosial inkişafın təmin edilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Həmin dövrdə respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, sosial müdafiə, məşğulluq və əmək miqrasiyasına dair qanunvericilik aktları qəbul edilib. Habelə əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı, Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası hazırlanaraq təsdiq olunub. Həmçinin 1997-ci ildə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu (hazırki Dövlət Əmək Müfəttişliyi Xidməti) yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən, dünya birliyində layiqli yeri, beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi və Cənubi Qafqaz regionunun güc mərkəzi olan, möhtəşəm Zəfər zirvəsinə yüksələn bir ölkədir. Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş ölkəmizdə eyni zamanda güclü sosial siyasət həyata keçirilir,
“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”, - deyən dövlətimizin başçısının tapşırıqlarına əsasən, 2018-ci ildən ötən dövrdə də 5 sosial islahat paketi reallaşdırılıb. İllik əlavə maliyyə tutumu 8 milyard manat olan bu islahatlar 4 milyon nəfəri əhatə edib. Bu islahatlar nəticəsində ölkədə 2018-ci ilə nisbətən ötən dövrdə minimum pensiya 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,9 dəfə artıb, yaşa görə orta aylıq pensiya 2,7 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait 5 dəfə, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, əməkhaqqı fondu 3,3 dəfə artıb. Son 7 ildə dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisi 2,2 dəfə artaraq 7,8 mlrd. manatdan 17,1 milyard manata çatıb. Habelə büdcədə sosial müdafiə və sosial təminat xərclərində 2,2 dəfə artım baş verib.
Sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, aktiv məşğulluq proqramlarının xeyli genişləndirilməsi, müasir və etibarlı, dayanıqlı sosial təminat sisteminin qurulması təmin edilib.
Ölkəmizdə son illər aparılan sosial islahatların mühüm uğurlarından biri DOST mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlər sosial sahədə xidmətlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 162 sosial xidmət əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunur.
Ölkə Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə ötən dövrdə DOST Agentliyi,Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib. Vətəndaşların DOST xidmətlərindən məmnunluğunun 98,8 faiz üzərində olması DOST modelinin uğurlu bir xidmət modeli olduğunu bir daha təsdiq edir. DOST modeli bu gün Azərbaycanın yeni brendi olmaqla, beynəlxalq səviyyədə də yüksək qiymət alaraq dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilib və bir sıra ölkələr (Moldova, Özbəkistan və Serbiya) DOST konsepsiyasına böyük maraq göstərirlər.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da uğurla davam etdirilir. Möhtəşəm Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 7,2 min, ümumən ötən dövrdə 16 mindən çox mənzil və fərdi ev verilib. Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumən ötən dövrdə 7,7 min avtomobil də verilib.
Son illər ölkədə reabilitasiya sistemi də müasir tələblərə uyğun qurulub, yeni reabilitasiya müəssisələri açılıb. Qabaqcıl dünya təcrübəsinə uyğun yeni reabilitasiya metodlarının tətbiqi ilə biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib. Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi istiqamətində də son illər mühüm nailiyyətlər əldə edilib. Nazirliyin 159 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq elektronlaşdırılıb.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyevin yüksək səviyyədə davam və inkişaf etdirdiyi güclü sosial siyasət nəticəsində vətəndaş rifahının təminatı sahəsində qarşıdakı dövrdə də yeni-yeni uğurlara nail olunacaqdır.