Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin sədası” adlı tədbir təşkil edilib.
Şəhid ailələrinin üzvləri, müharibə veteranları və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Elnarə Ənsari Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən bəhs edib. Bu tarixi Qələbə nəticəsində torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edildiyini vurğulayıb.
Mərkəzdə həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladlarına xidmət göstərildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu xidmətlərin əsas məqsədi həmin şəxslərin cəmiyyətə fəal inteqrasiyasını təmin etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və sosial həyatda iştirakını gücləndirməkdir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizə həsr olunan “Zəfərin sədası” tədbirinin Qələbə yaddaşının yaşadılmasına, şəhid ailələrinə və qazilərə dövlət qayğısının nümayişinə, eləcə də inklüziv yaradıcılığın təşviqinə xidmət etdiyi vurğulanıb.
Sonra Mərkəzin təlimçi və benefisiarlarının ifasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub. İfaçıları Mərkəzin İnklüziv kamera orkestri və ansamblı müşayiət edib.
Orkestrə dirijor Mustafa Mehmandarov, ansambla isə əməkdar artist Emil Əfrasiyab rəhbərlik edib. Mərkəzin təlimçiləri olan xalq artistləri Natiq Şirinov və Teyyub Aslan, əməkdar artistlər Şəhriyar İmanov, İsgəndər Ələsgərov, respublika və beynəlxalq müsabiqələr qalibi Elnur Mikayılov, digər tanınmış incəsənət xadimləri həssas qruplardan olan istedadlı gənclərlə eyni səhnəni bölüşüblər.
Tədbir çərçivəsində qonaqlar Mərkəzdə hazırlanmış əl işlərindən ibarət sərgi ilə tanış olublar.