Övladlığa uşaq götürmək istəyən şəxslər elektron qaydada aşağıdakı kimi müraciət edə bilər:
Övladlığa uşaq götürmək istəyən valideyn-namizəd(lər)in özü və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edilir və övladlığagötürmə ilə bağlı ərizə alınır.
Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.
https://adoption.mlspp.gov.az/app
Şəxsi kabineti yaratmaq üçün istifadəçilər ASAN Loginə sahib olmalıdırlar. ASAN Login əldə etmək üçün lazımdır:
- Vətəndaş asan mobil nömrə almaq üçün müraciət edir (azercell,bakcell,nar mobile) və yaxud öz adına olan mobil nömrənin asan dublikatını çıxardır;
- Həmin asan nömrə ilə bağlı müqaviləsi və şəxsiyyət vəsiqəsi ilə birgə ASAN Xidmət mərkəzində Vergilər pəncərəsinə yaxınlaşır və asan imza sertifikatı əldə edir;
- E-sosial.az saytına daxil olub, asan imza ilə qeydiyyatdan keç bölməsini seçir;
- Asan nömrəsinə SMS vasitəsilə gələn kodu daxil etməklə qeydiyyatdan keçir.
Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən aşağıda göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizəd(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxsin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.
Valideyn-namizəd(lər) və onlarla birgə eyni ünvanda yaşayan şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş 2 tibb müəssisəsində müayinələrdən keçə bilərlər:
1. Bakı şəhər qeydiyyatında olan şəxslər - 5 nömrəli şəhər Poliklinikasında;
2. Digər şəhər/rayon qeydiyyatında olan valideyn-namizədlər Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından əlavə olaraq TƏBİB tərəfindən ayrılmış aşağıdakı xəstəxanalara müraciət edə bilərlər.
- Gəncə şəhər birləşmiş xəstəxanası PHŞ
- Lənkəran rayon mərkəzi xəstəxanası PHŞ
- Şəki rayon mərkəzi xəstəxanası PHŞ
Şəxs(lər) qeydiyyatda olduğu şəhər/rayon xəstəxanasından/poliklinikasından vərəm xəstəliyi ilə bağlı qeydiyyatda olub-olmadığı barədə əldə etdiyi tibbi arayışla adıçəkilən tibb müəssisələrinə yaxınlaşmalıdır.
Vətəndaşlar qeydiyyatda olduqları rayondan asılı olmayaraq alkoqolizm, narkomaniya və toksikomaniya barədə qeydiyyatda olub-olmadığı barədə əldə etdiyi tibbi arayışın alınması məqsədilə Bakı şəhərində yerləşən Bakı Şəhər Narkoloji Mərkəzinə və onkoloji xəstəliklərlə barədə qeydiyyatda olub-olmadığı barədə əldə etdiyi tibbi arayışın alınması məqsədilə Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə yaxınlaşmalıdır.