2.1. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. əmək münasibətləri, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya və əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları, sosial sığorta və dövlət icbari şəxsi sığortası, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, icbari tibbi sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsini təmin edir;
2.1.1-1. himayədar ailə və övladlığagötürmə sahələrində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirir;
2.1.2. aidiyyəti dövlət orqanları ilə birlikdə əmək miqrasiyası sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində qanunvericiliyə uyğun olaraq iştirak edir;
2.1.3. tibbi-sosial ekspertizanın, əlilliyi olan şəxslərin reabilitasiyasının və sosial müdafiəsinin təşkil edilməsi üzrə müvafiq tədbirləri həyata keçirir;
2.1.4. öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasının, insan alveri qurbanlarının sosial reabilitasiyasının və penitensiar müəssisələrdə caza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasının həyata keçirilməsini təmin edir;
2.1.5. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsini təmin edir;
2.1.6. öz səlahiyyətləri daxilində əmək münasibətləri, əhalinin məşğulluğu, demoqrafiya və əhalinin sosial müdafiəsi sahələrinin inkişafını təmin edir;
2.1.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.