Onlar həssas qruplara aid şəxslərin DOST Evinə qəbulu prosesini də izləyiblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialına QHT nümayəndələrinin infoturu təşkil olunub.
İnfoturun məqsədi vətəndaş cəmiyyəti institutlarının İsmayıllı DOST Evində həssas qruplardan olan şəxslərin yaradıcı potensialının inkişafı, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən fəaliyyətlə yaxından tanışlığını təmin etmək olub.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari infotur iştirakçılarına filialın fəaliyyəti, həyata keçirilən inklüziv layihələr barədə məlumat verib.
İnfotur çərçivəsində QHT təmsilçiləri Qiymətləndirmə Komissiyası tərfindən DOST Evinə növbəti qəbul prosesini də müşahidə ediblər.
İsmayıllı və Şamaxı rayonlarından həssas qruplara aid 40-dək şəxsin bacarıqları fərdi qaydada qiymətləndirilib və onlar müəssisədə müvafiq xidmət istiqamətləri üzrə təlim və məşğələlərə qəbul olunublar. Onların əksər qismi təsviri incəsənət, kulinariya, dərzilik, bədii oyma və dulusçuluq sahələrinə maraq göstərənlərdir.
Beləliklə, İsmayıllı DOST Evində xidmətlərə cəlb olunan benefisiarların sayı 112 nəfərə çatıb.
Görüşün sonunda QHT nümayəndələrinin sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.