Festivala sentyabrın 18-də Sumqayıt şəhərində start veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il növbəti “PeşəFest” layihəsi həyata keçiriləcək.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçiriləcək “PeşəFest 2026”nın əsas məqsədi gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaqdır.
Festival çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 12 tədbirin keçirilməsi planlaşdırılır. Layihəyə sentyabrın 18-də Sumqayıt şəhərində start veriləcək. “PeşəFest”in keçiriləcəyi şəhər və rayonlar aşağıdakılardır:
Sumqayıt – 18 sentyabr 2026
Quba – 22 sentyabr 2026
Qax – 25 sentyabr 2026
Mingəçevir – 28 sentyabr 2026
Gəncə – 30 sentyabr 2026
Qazax – 2 oktyabr 2026
Bərdə – 5 oktyabr 2026
Saatlı – 7 oktyabr 2026
Masallı – 9 oktyabr 2026
Naxçıvan – 13 oktyabr 2026
Ordubad – 15 oktyabr 2026
Bakı – 22 oktyabr 2026
“PeşəFest 2026” çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqaməti üzrə maarifləndirici tədbirlər təşkil olunacaq. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (Ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner(sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları qeyd olunan peşələrə yiyələnmək yolları, tələb olunan bilik və bacarıqlar, təhsil və karyera imkanları barədə məlumat əldə edəcək, müxtəlif sahələr üzrə mütəxəssislərlə ünsiyyət qurmaq və onları maraqlandıran suallara cavab almaq imkanı qazanacaqlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi, xüsusilə şagirdləri, tələbələri, onların valideynlərini eləcə də işaxtaran və işsiz şəxsləri, “PeşəFest 2026”da fəal iştiraka dəvət edirik.