Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

I. Ümumi müddəalar

1. Tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən növbə qaydasında həyata keçirilir.

2. Əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyası (TSEK ) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır

TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər.

3. Avtomobil və motorlu araba almaq hüququ olan əlillərin istifadəsində göstərilən nəqliyyatın yalnız bir növü ola bilər.

4. Əlillərə pulsuz olaraq avtomobillər və motorlu arabalar istismar müddəti müəyyən edilmədən birdəfəlik verilir. Əlillər avtomobil və motorlu arabaları satmaq və bağışlamaq hüququna malik deyillər. Minik avtomobilini idarə etmək hüququ həm əlilə, həm də onunla eyni yaşayış məntəqəsində birgə yaşayan ailə üzvünə verilir.

5. Xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu idarə etməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100 faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qocalar və əlillər üçün internat evlərində dövlət təminatında olan əlillərə avtomobil və motorlu arabalar pulsuz və ya güzəştli şərtlərlə verilmir.

7. Əlillərə əl ilə idarə olunan avtomobil və motorlu arabaların idarə edilməsinin öyrədilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil edir.

Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərin və onlara bərabər tutulanların öyrədilməsilə əlaqədar tədris yerinə gəlmək və qayıtmaq, yemək, həmçinin yataqxanada yaşamaq xərcləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri üçün nəzərdə tutulan büdcə vəsaiti hesabına həyata keçirilir.

Əmək xəsarətinə (və ya peşə xəstəliyinə) görə əlillərin öyrənilməsi ilə əlaqədar xərclər əlilliyin alındığı müəssisə və təşkilatlar tərəfindən ödənilir, haqqı ödənilməklə avtomaşın almağa TSEK qərarı ilə hüququ olan digər əlillərin öyrədilməsi özlərinin vəsaitinin hesabına keçirilir.

 

II. Tibbi-sosial ekspert komissiyalarında əlillərin müayinə qaydaları

8. Əlillərin TSEK -dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir.

Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK -na göndəriş verir.

9. TSEK tibbi sənədlərin böyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Qərar qəbul edilərkən müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsitərəfindən təsdiq edilmiş surəti əsas götürülür.

TSEK ekspert qərarının verilməsində çətinlik çəkdiyi hallarda xəstəni əlavə müayinə olunmaq üçün müalicə müəssisəsinə göndərir.

10. Tibbi göstəricilərin təyini üçün müayinə hər bir əlilə görə əl ilə idarə olunan avtonəqliyyat və ya motorlu araba almaq üçün tibbi göstərişlərin təyini barədə akt qərtib edilir. Müayinə aktları müayinə keçirilmiş TSEK -da saxlanılır.

11. Xüsusi avtonəqliyyatla təmin olunma hüququ olduğu hallarda TSEK müayinə aktından çıxarışı 5 gün ərzində müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Sosial Təminat Xidmətinə göndəriş Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, II dünya müharibəsi əlillərin və onlara bərabər tutulanların müayinə aktından çıxarışının ikinci nüsxəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə göndərilir.

12. Xüsusi avtonəqliyyat almağa tibbi göstərişi olan əlillər avtomobili idarə etməyə əks göstərişi olmadıqda və əlilin sürücülük vəsiqəsi yoxdursa, TSEK tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə arayış və 3 ədəd fotoşəkil göndərilir.

13. Əl ilə idarə olunan avtomobilin modifikasiyası müvafiq siyahıya uyğun olaraq TSEK tərəfindən müəyyən edilir.

14. Müayinə əsasında TSEK əl ilə idarə edilən xüsusi avtonəqliyyat almaq hüququ verən tibbi göstərişlərin olmaması haqqında və ya onları idarə etmək üçün qeyri-məqbul qərar çıxardıqda komissiyanın sədri qəbul olunmuş qərarı əlavə izah edir.

TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların təkrar müayinəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçirilir.

 

III. Əlillərin avtomobil və motorlu arabalarla təmin edilməsi qaydaları

15. Motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlillərə pulsuz verilir:

Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə (növbədənkənar);

1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı əlil olmuş şəxslərə;

Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərə;

II dünya müharibəsi əlillərinə və onlara bərabər tutulanlara.

16. Əgər pulsuz alınmış avtomobilin istismar prosesində əlil üçün onun idarə olunmasına əks göstəriş aşkar olunarsa, əlillə eyni yaşayış məntəqəsində birgə yaşayan hər hansı bir ailə üzvünə avtomobilin idarəetmə hüququnun verilməsi məsələsinə hər bir konkret halda bu şəxsin avtomobili idarə etməsinə etibarnamənin tərtib olunması yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən baxılır.

 

IV. Nəqliyyat vasitələrinin verilməsi və onların qeydiyyata götürülməsinin tərtibi qaydaları

17. Nəqliyyat vasitəsi ilə təmin edilməsinə dair tibbi göstərişlərin müəyyən edilməsi haqqında 5 gün müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, Dövlət Sosial Təminat Xidmətinə, tibbi-sosial ekspert komissiyaları tərəfindən göndərilən müayinə aktlarından çıxarış əlillərin qeydiyyata götürülməsi üçün əsasdır. Əlillər tibbi-sosial ekspert komissiyasından keçdikləri gündən qeydiyyata götürülürlər və növbələri əsasında nəqliyyat vasitəsi ilə təmin olunurlar.

18. Hər növ nəqliyyat vasitələrilə təmin olunmağa ehtiyacı olan əlillərin qeydiyyatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidməti tərəfindən həyata keçirilir və nəqliyyat vasitəsinin növünə görə xüsusi kitabda ayrıca qeydiyyatı aparılır.

19. Əlillərə özləri idarə edəcəyi avtomaşının növbə qaydasında verilməsi üçün (istər pulsuz, istərsə də dəyəri ödənilməklə) avtomaşının alınmasına dair TSEK -nın müayinə aktından çıxarış və sürücülük vəsiqəsinin surəti əsas hesab olunur.

20. Ailə üzvünün idarə etməsi şərti ilə avtomaşının növbə qaydasında verilməsi üçün əsas TSEK -nın müayinə aktından çıxarış, sürücülük vəsiqəsi olan üzvünün əlillə eјni yaşayış məntəqəsində birgə yaşamasına dair arayış, ailə üzvünün sürücülük vəsiqəsinin surətidir.

21. Əlillərə avtomaşın yalnız onlar sağ olduqda verilir. Pulsuz avtomobil və ya motorlu araba almış əlil vəfat etdikdən sonra avtomobil və ya motorlu araba onun ailəsinin mülkiyyətində qalır, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin qeydiyyatından çıxarılır. Avtomobil və ya motorlu arabanın ailə üzvlərindən birinin adına yenidən qeydiyyata götürülməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Sosial Təminat Xidmətinin icazəsi ilə əlilin avtonəqliyyatın sahibi kimi qeydiyyatda durduğu dövlət avtomobil müfəttişliyi tərəfindən həyata keçirilir.

Ümumi mülkiyyətdə paya dair mübahisələr ailə üzvlərindən hər hansı birinin iddiası üzrə müəyyən olunmuş qaydada məhkəmə orqanları tərəfindən həll olunur.

22. Ölümündən sonra ailəsinin mülkiyyətində qalmış, əlil tərəfindən pulsuz alınmış avtomobil və ya motorlu arabanın satılması, vəsiyyət edilməsi və s. qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Avtomobil və ya motorlu arabanın satılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin icazəsi tələb olunmur.

23. Avtomobil və ya motorlu arabanı pulsuz almış ailəsi olmayan əlil vəfat etdikdə nəqliyyat vasitəsi əmək və əhalinin sosial müdafiəsi orqanları tərəfindən müəyyən edilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə duran digər əlilə vermək üçün götürülür.

24. Avtomobil və ya motorlu araba almış əlillərin qeydiyyat işləri nəqliyyat vasitəsini vermiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrində daimi saxlanılmalıdır. Əlil öldüyü halda onun nəqliyyat işi arxivə verilir və beş il müddətində saxlanılmalıdır.

25. Sənədlərin qəsdən düzgün olmayaraq tərtib edilməsi və avtomobil, yaxud motorlu arabanın qanunsuz verilməsinə təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunur.

26. Avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir.