Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 17 mart
tarixli 96 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət
tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 30.3-cü maddəsinə əsasən hazırlanmışdır və qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi qaydasını müəyyən edir.
1.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (bundan sonra – Fərman) 2.5-ci bəndinə
əsasən qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata
keçirilir.
1.3. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar aşağıdakılardır:
1.3.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
1.3.3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi.
1.4. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:
1.4.1. nəzarət sahələri üzrə qanunla müəyyən olunmuş qaydada preventiv və nəzarət tədbirlərini həyata keçirmək;
1.4.2. qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparmaq, risk qruplarını müəyyən etmək, risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirləri ilə bağlı illik
plan tərtib etmək;
1.4.3. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər keçirmək;
1.4.4. nəzarət tədbirləri nəticəsində aşkar olunmuş qeyri-formal məşğulluq faktları ilə bağlı qanunla müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri görmək;
1.4.5. bu Qaydanın 1.9-cu bəndində nəzərdə tutulan məlumatları “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına daxil etmək.
1.5. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərini həyata keçirən orqanların vəzifələrinin icrası ilə bağlı hüquqları aşağıdakılardır:
1.5.1. “Qeyri-formal məşğulluğa nəzarət” vahid electron informasiya ehtiyatına çıxış imkanına malik olmaq;
1.5.2. aidiyyəti qurumlarla birgə preventiv və nəzarət tədbirlərini müəyyən etmək;
1.5.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər hüquqları həyata keçirmək.
1.6. Əlaqələndirməni həyata keçirən orqanın vəzifələri aşağıdakılardır:
1.6.1. “Qeyri-formal məşğulluğa nəzarət” vahid electron informasiya ehtiyatının fəaliyyətini təmin etmək;
1.6.2. qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirləri çərçivəsində görülən işlər barədə illik hesabat hazırlamaq;
1.6.3. qeyri-formal məşğulluğun qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin təhlilini aparmaq və “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə birgə nəzarət tədbirlərinin əlaqələndirilməsini həyata keçirmək;
1.6.4. qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün işçi qruplar yaratmaq.
1.7. Əlaqələndirməni həyata keçirən orqanın vəzifələrinin icrası ilə bağlı hüquqları aşağıdakılardır:
1.7.1. qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlardan məlumatları əldə etmək;
1.7.2. aşkar olunmuş faktlarla bağlı təhlillər və araşdırmalar aparmaq;
1.7.3. aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupların tərkibinə müxtəlif ekspertlər cəlb etmək.
1.8. Fərmanın 2.5-ci bəndinə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə Nazirlik Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Qeyriformal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı
yaradır.
1.9. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı fəaliyyətin əlaqələndirilməsi məqsədilə müəyyən olunmuş risk qrupları, preventiv və nəzarət tədbirlərinə dair tərtib olunan illik plan, habelə həyata keçirilmiş preventiv və nəzarət
tədbirləri və onların nəticələri (görülmüş preventiv tədbirlər, aşkar olunmuş pozuntular, onların aradan qaldırılması üçün görülmüş məsuliyyət və digər tədbirlər və s.) haqqında məlumatlar “Qeyriformal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına
daxil edilir.
1.10. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının formalaşdırılması və ondan istifadə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərinə riayət olunmaqla həyata keçirilir.
2. Qeyri-formal məşğulluq hallarının müəyyənləşdirilməsi
2.1. Aşağıdakı hallarda qeyri-formal məşğulluq hallarının mövcud olması müəyyənləşdirilir:
2.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi;
2.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi;
2.1.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilmədən (vergi orqanlarında uçota durmadan) həyata keçirilməsi;
2.1.4. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi;
2.1.5. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli özünüidarəetmə orqanında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili.
3. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsi
3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 31.3-cü maddəsinə uyğun olaraq, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən
orqanlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qeyri-formal məşğulluğun səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparır, risk qruplarını müəyyən edir, risk qiymətləndirilməsi sistemini tətbiq edir, preventiv və nəzarət tədbirləri həyata keçirirlər.
3.2. Risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirləri ilə bağlı illik plan tərtib olunur. İllik plan hər il üçün yanvar ayının 20-dən gec olmayaraq, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanın rəhbəri (və ya rəhbər tərəfindən səlahiyyət verilmiş şəxs) tərəfindən təsdiq edilir.
3.3. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə qeyri-formal məşğulluğun leqallaşdırılması
sahəsində nəzarəti həyata keçirən orqanlar birgə risk qruplarını müəyyən edir, preventiv və nəzarət tədbirlərini həyata keçirirlər.
3.4. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar nəzarəti qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə etməklə
həyata keçirirlər. Xüsusi texniki vasitələrin tətbiqi ilə bağlı məsələlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.
3.5. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar nəzarət sahəsinə aid olan məlumatları dövlət orqanları və təşkilatlarından, yerli icra
hakimiyyəti və özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən sorğu edərək ala bilərlər.
4. “Qeyri-formal məşğulluğa nəzarət” vahid electron informasiya ehtiyatı vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsi
4.1. Bu Qaydanın 1.3-cü bəndində göstərilən orqanlar “Qeyriformal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər həyata keçirirlər.
4.2. Monitorinqlər “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiya edilmiş informasiya sistemlərində müqayisəli (çarpaz) yoxlamaların aparılması vasitəsilə baş tutur.
4.3. Monitorinq nəticəsində şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrində olmadıqda və ya mövcud olan məlumatların ziddiyyətli olduğu aşkarlandıqda, qeyri-formal məşğulluğa yol vermiş şəxsə “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə bildiriş göndərilir.
Bildirişdə aşağıdakı məlumatlar qeyd edilir:
4.3.1. qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı aşkar olunmuş pozuntu və ya uyğunsuzluqlar;
4.3.2. qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı aşkar olunmuş pozuntu və ya uyğunsuzluqların aradan qaldırılması üçün görülməli olan tədbirlər və bu tədbirlərin müddəti;
4.3.3. qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı aşkar olunmuş pozuntu və ya uyğunsuzluqlar müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadıqda, bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan tədbirin keçirilməsi ilə bağlı məlumat;
4.3.4. pozuntu və uyğunsuzluqlar aradan qaldırılmadığı təqdirdə, qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı məsuliyyət tədbirlərinin tətbiq edilməsi barədə məlumat.
4.4. “Qeyri-formal məşğulluğa nəzarət” vahid electron informasiya ehtiyatı vasitəsilə bildirişi almış şəxs bildirişdə göstərilən müddət ərzində pozuntu və ya uyğunsuzluqları aradan qaldırmalı və bu barədə adıçəkilən ehtiyat üzərindən görülmüş tədbirlərə dair
məlumat verməlidir. Monitorinq nəticəsində müəyyən olunmuş pozuntu və ya uyğunsuzluqlar qeyri-formal məşğulluqla bağlı olmadığı halda, şəxs bunu təsdiqləyici sənədlər təqdim etməklə sübut etməlidir.
4.5. Bu Qaydanın 4.4-cü bəndində göstərilən məlumat verilmədiyi təqdirdə və ya verilən məlumat əsasında pozuntu və ya uyğunsuzluq hallarının aradan qaldırılması faktını müəyyən etmək mümkün olmadıqda, qeyri-formal məşğulluğun leqallaşdırılması
sahəsində nəzarəti həyata keçirən orqan daxil olan məlumatla bağlı bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq nəzarət tədbirlərini təşkil edir.
4.6. Nəzarət tədbirləri nəticəsində qeyri-formal məşğulluq faktıaşkar olunduğu təqdirdə, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqan tərəfindən qanunda nəzərdə tutulan məsuliyyət tədbirləri görülür.
5. Qeyri-formal məşğulluq sahəsində maarifləndirmə
5.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar
həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri), habelə ictimai birliklər cəlb edilməklə:
5.1.1. birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işini həyata keçirirlər;
5.1.2. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş edir, xüsusi bülletenlər və digər nəşrlər buraxırlar;
5.1.3. peşə, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirirlər;
5.1.4. qeyri-formal məşğulluğun mənfi təsirləri ilə bağlı əhali arasında broşürlər və məlumat vərəqələri paylayır, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti orqanlarının yanında fəaliyyət göstərən hüquqi yardım mərkəzləri vasitəsilə məsləhət və digər hüquqi yardım xidmətləri göstərirlər.