Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün “Əmanət” yay düşərgəsi bu dəfə Masallı rayonunda təşkil olunub. Düşərgədə Masallı rayonundan 20 şəhidimizin övladları iştirak edib.
İştirakçılar əvvəlcə Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə Masallı şəhərində inşa edilən Qəhrəmanlar Parkını ziyarət ediblər.
Daha sonra Şuşa əməliyyatının maraqlı detallarını özündə əks etdirən, bu əməliyyatı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələrinin, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrların yer aldığı “Şuşa, sən azadsan!” sənədli filmi təqdim olunub.
Düşərgə müxtəlif personajların təqdimatında bədii-əyləncəli proqramla, yeni tanışlıqlar və rəngarəng görüntülərlə davam edib.
Ötən aydan etibarən start verilən “Əmanət“ adlı yay düşərgəsinə Lənkəran, Cəlilabad və Masallıdan ümumilikdə 70-ə yaxın şəhid övladı cəlb edilib.
Bu kimi düşərgələrin növbəti mərhələdə digər bölgələrdə də təşkil olunması nəzərdə tutulub.