Şəhid ailələri və müharibə əlillərinə yaxın iki ayda daha 500 mənzil və fərdi ev veriləcək

Bu ilin avqust-sentyabr aylarında daha 500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, bu il üçün 1500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulur. Cari ilin ilk 6 ayında artıq 600 mənzil təqdim olunub.

 S.Babayev 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verildiyini deyib.

 "Ümumilikdə postmüharibə dövründə 100 mindən artıq şəhid ailəsi üzvü və müharibə iştirakçısına 193 min sosial dəstək xidməti göstərilib", deyə nazir bildirib.