Sosial Xidmətlər Agentliyi bu ilin ilk 6 ayında 105 repatriasiya olunmuş şəxsi sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan Vətənə qaytarılan şəxslərin (repatriant) sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirlərini davam etdirir.

Artıq Suriya və İraqdan ölkəyə gətirilən daha 10 repatriant uşaq və 2 ana yaşadıqları ailədə Agentliyin sosial işçiləri tərəfindən təfsilatlı qiymətləndirilib və onlar üçün sosial reabilitasiya planı hazırlanıb.

Psixoloqlar tərəfindən ilkin sosial-psixoloji yardım xidməti zamanı hər bir şəxslə ayrıca psixoloji qiymətləndirmə həyata keçirilib, travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilib. Repatriasiya olunmuş şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji dəstək üzrə xüsusi əhəmiyyət daşıyan reabilitasiya işi davam etdirilir.

Bu ilin ilk 6 ayında Sosial Xidmətlər Agentliyinin psixoloqları tərəfindən ümumilikdə 11 rayon üzrə 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edilib. Ümumilikdə isə ölkə üzrə 146 ailədə 378 repatriantla iş aparılır.

2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.