Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov İmişli rayonunda, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Gədəbəy rayonunda, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Sabirabad rayonunda, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Quba rayonunda vətəndaşları qəbul edib.
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya, sosial təminat, pensiya və müavinət, sosial xidmətlər, imtiyazlı şəxslərin mənzil və fərdi evlə, avtomobillə təminatı, aktiv məşğulluq tədbirlərinə, habelə özünüməşğulluq proqramına cəlb olunma sahələrinə dair vətəndaş müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlər aidiyyəti üzrə araşdırılaraq cavablandırılıb, bir sıra məsələlər yerindəcə həll olunub. Ayrı-ayrı müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.
May ayının əvvəllərindən başlanan vətəndaş qəbulları hər həftə keçirilir. Hər bir qurum rəhbərinin keçirəcəyi qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq bölgə üzrə vətəndaşlara əvvəlcədən məlumat verilir.