Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Ramazan bayramı ərəfəsində şəhid İşiyev Rəfail Əhmədağa oğlunun ailəsini ziyarət edib.
Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində R.İşiyev Xocavənd rayonunun azad olunması uğrunda döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizin ailəsinin sosial müdafiəsi üçün dəstək tədbirləri həyata keçirilib. Ailəyə birdəfəlik sığorta ödənişi edilib, maddi yardım göstərilib. Həmçinin ailə Prezidentin aylıq təqaüdü ilə təmin olunur.
V.Quliyev şəhidlərimizin, o cümlədən Rəfail İşiyevin xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.