Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Türkiyə Respublikasının Sosial Təminat Qurumunun rəhbəri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov qardaş Türkiyə ilə əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlıq əlaqələrinin daim genişlənməkdə olduğunu vurğulayıb. O, Azərbaycanda sosial sahədə geniş miqyas alan islahatlar, bu sahədə innovativ həllərin geniş tətbiqi, DOST konsepsiyası barədə məlumat verib.
H.Məmişov ölkəmizdə icra olunan sosial müdafiə proqramlarını, sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması sahəsində ardıcıl olaraq atılan mühüm addımları, sosial sığorta daxilolmalarında artım dinamikasını diqqətə çatdırıb.
DSMF-nin fəaliyyət sahələrinin optimallaşdırılması, inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, operativliyinin, şəffaflığın təminatı, proaktiv xidmətlərin tətbiqi istiqamətində aparılmış islahatlar qeyd edilib.
Fondun fəaliyyət sahələrində aparılmış islahatları maraqla qarşılayan C.Ceylan iki qurum arasında fəal təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb.
Görüşdə sosial təminat sahəsində iki qurum arasında gələcək qarşılıqlı əməkdaşlıq, təcrübə mübadilələri məsələləri müzakirə olunub.