3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi Əlilliyi olan şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib. Sərgi-müsabiqə “Park Bulvar” AVM-də keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, millət vəkili Jalə Əliyeva, “Park Bulvar” AVM-nin rəhbəri Ali Yüksel, münsiflər heyətinin üzvləri - Azərbaycan Rəssamlar İttifaqının bölmə rəhbəri, xalq rəssamı Aydın Rəcəbov, Mədəniyyət Nazirliyinin sektor müdiri Altun Mikayıllı və b. iştirak ediblər.
H.Abdullayev Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar belə bir ümumrespublika səviyyəli yaradıcılıq sərgi-müsabiqəsinin təşkilinin əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin əliliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində bu kateqoriyaya aid vətəndaşların sosial təminatı, pensiya və müavinətlərinin, təqaüdlərinin artırılması istiqamətdə atılan addımları qeyd edib. Xüsusilə son üç ildə bu ödənişlərin orta hesabla iki dəfə artırıldığını, qarşıdakı dövrdə növbəti artımların olacağını diqqətə çatdırıb.
Nazir müavini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi açıldığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın açılışında iştirak etdikləri bu Mərkəz Cənubi Qafqazda ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Həmin Mərkəz əlilliyin olan şəxslərin, digər həssas qrupların istedad və bacarıqlarının inkişafına və cəmiyyətə təqdim edilməsi işlərinə çox böyük dəstəkdir.
H.Abdullayev qeyd edib ki, 2019-2021-ci illərdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Həmçinin bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılır. Bu ilin 11 ayında 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib, 8 minə yaxın əlilliyi olan şəxsə 40 mindən artıq reabilitasiya vasitəsi verilib. Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçi 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edilib.
Qeyd edilib ki, XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədi daşıyır. Sərgi-müsabiqədə Bakı və bölgələr üzrə 217 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşağın 1346 əl işi təqdim edilir. Bunlara rəsm əsərləri, keramika, dulusçuluq, xalça və xalçaçılıq məmulatları, bədii tikmələr, toxuma, ağac, metal və daş üzərində işlər və s. daxildir. Həmin yaradıcılıq nümunələrinin munsiflər heyəti tərəfindən 11 nominasiya üzrə qiymətləndirilməsi aparılıb.
J.Əliyeva, A.Yüksel, A.Rəcəbov, A.Mikayıllı bu kimi tədbirlərin əlilliyi olan şəxslərə, onların yaradıcılıq potensialının inkişafına, istedad və qabiliyyətlərinin üzə çıxarılaraq cəmiyyətə təqdim edilməsinə mühüm dəstək olduğunu vurğulayıblar.
Tədbirdə 11 nominasiya üzrə I, II, III yerləri tutan iştirakçılara - 33 qalib iştirakçıya diplom və mükafatlar, sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunub.