Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə hazırlanan www.ovladinitani.az veb səhifəsi və “Övladını tanı” mobil tətbiqinin təqdimatı olub.
20 noyabr - Ümumdünya Uşaq Hüquqları günü ərəfəsində keçirilən təqdimat tədbirində çıxış edən Agentliyin sədri Vüqar Behbudov bildirib ki, Nazirlik tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılması və əlçatanlığın təmin edilməsi məqsədilə bu xidmətlərin mobil tətbiq formasında da hazırlanmasına xüsusi önəm verilir. Agentliyin sosial sifarişləri ilə son illərdə təqdim edilən “Danışan kitab”, “Surdotv.az” mobil tətbiqləri də məhz həssas əhali qruplarından olan ailələrin resurs mərkəzi rolunu oynayır.
Agentlik sədri qeyd edib ki, “Övladını tanı” mobil tətbiqi də sağlamlıq imkanları məhdud uşaqların inkişafının təmin olunması və monitorinqi sahəsində innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində hazırlanıb. Bu mobil tətbiq uşaqların əlilliyinin erkən aşkarlanması üçün aztəminatlı ailələrə dəstək rolunu oynayacaq. Mobil tətbiq vasitəsi ilə valideyn 6 yaşına qədər övladınının inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafını planlaya, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafını izləyə bilər.
Layihə rəhbəri Rasif Dünyamalıyev bildirib ki, valideyn tətbiqdə qeydiyyatdan keçərək bir neçə övladını əlavə etməklə hər biri üçün özəl otaq yarada bilər. Övladının məlumatlarını daxil etdikdən sonra “İnkişaf” bölməsinə daxil olaraq, “Yoxla” düyməsini sıxmaqla onun yaşına uyğun olan suallara cavab verilir və tətbiq bu cavablara uyğun olaraq uşağın inkişaf dərəcəsini hesablayır. Əgər hər hansı bir geriləmə varsa, ona uyğun olaraq istifadəçiyə tapşırıqlar verir və inkişafın hansı sahələrdə zəif olduğu barədə hesabat təqdim edir.
Tətbiqin “İnkişaf”, “Uğur” və “Resurs” bölmələrində keçirilmiş yoxlamalar, uşağın nəticələrinə uyğun tapşırıqlar, uşaq psixiatrlarına birbaşa çıxış və digər xidmətlər də təqdim olunur.
Həkim Psixiatr İkram Rüstəmov, Azərbaycan Tibb Universitetinin dosenti Nigar Sədiyeva, həkim-pediatr Şəlalə Orucova, həkim psixiatrlar Vəfa Şirinova, Orxan İsgəndər və digər çıxış edənlər layihə çərçivəsində hazırlanmış Dəyərləndirmə Sistemi, layihənin mahiyyəti və vacibliyindən danışıblar.
Layihə Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Regionların Sosial-İqtisadi İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.