“Məşğulluq marafonu”nda fəal iştirak edən işəgötürənlərə təşəkkürnamələr təqdim edildi

Marafon çərçivəsində artıq 1036 şəhid ailəsi üzvü və qazi  işlə təmin olunub

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində şəhid ailələri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nda fəal iştirak edən işəgötürənlərlə görüş keçirilib.

Agentliyin sədri Mustafa Abbasbəyli bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi. Tarixi Zəfərimizin qəhrəmanlarının – 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, artıq 31 mindən çox vətəndaşı əhatə edən bu tədbirlər çərçivəsində həmin kateqoriyalara aid 5420 şəxs də özünüməşğulluq proqramına cəlb edilib, 2250 şəxs isə münasib işlərlə təmin edilib. 

Bu ilin iyun ayında “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında Nazirlik tərəfindən başladılan “Məşğulluq marafonu” da şəhid ailələrinin üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək məqsədi daşıyıb.

Ötən dövrdə artıq 570 işəgötürən (299-u dövlət, 271-i özəl müəssisə) milli həmrəylik və sosial məsuliyyət mövqeyindən çıxış edərək “Məşğulluq marafonu”na qoşulub. Onlar tərəfindən marafona  3314 vakansiya təqdim edilib ki, həmin vakasniyalar üzrə 162-si şəhid ailəsi üzvü və 874-ü qazi olmaqla 1036 nəfər işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd  həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.

Görüşdə “Məşğulluq marafonu”nda fəal iştirak edərək Vətən müharibəsi şəhidlərinin  ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğunun təminatına, bununla onların rifahı naminə aparılan dövlət siyasətinə sosial məsuliyyət və həmrəylik prinsipi ilə yaxından dəstək olduqlarına görə işəgötürənlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəkkürnamələri təqdim edilib.