Şəhid Nicat Səmədovun il mərasimində ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Nicat Şahin oğlu Səmədovun il mərasimində iştirak edib, şəhidin ailəsi ilə görüşüb.

Şəhidin ailəsi bir qədər əvvəl Nazirlik tərəfindən Bakının Xocasən qəsəbəsindəki yeni yaşayış massivində mənzillə təmin olunub. Ailənin yeni mənzilində keçirilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs olunub. Torpaqlarımızın işğaldan azad edildiyi, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.  

Tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhid Nicat Səmədovun xatirəsinin daim ürəklərdə yaşayacağı qeyd olunub. Şəhidin ailəsinə vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edilib.

Gizir Nicat Səmədov Vətən müharibəsində şərəfli döyüş yolu keçib və Zəngilan uğrunda döyüşlərdə şəhid olub. Dövlət başçısının Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib, ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb. Şəhid ailəsinə digər sahələrdə də dəstək göstərilməsi üçün qeydiyyat aparılıb.