Postmüharibə dövründə şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 5320 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Bu kateqoriyadan olan 2000-dən çox  şəxs isə münasib işlərlə təmin olunub

Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən çəkən şəxslərin məşğulluğuna və özünüməşğulluğuna dəstək tədbirləri geniş miqyas alıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsindən sonrakı dövrdə həmin kateqoriyalara aid 5320 şəxsi özünüməşğulluq proqramına cəlb edib. Onlara proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb.

2000-dən çox şəxs isə aktiv məşğulluq proqramları çərçivəsində münasib işlərlə təmin edilib.

Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 534 işəgötürən qoşularaq, 2833 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə bu günədək 832 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.