Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən hazırlanmış yeni layihələrin təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib

Sosial sahədə geniş islahatlar proqramının icra olunduğunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev islahatların mühüm bir istiqamətinin əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmənin təşkili olduğunu deyib. Bu məqsədlə təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılmasının da vacib şərtlərdən olduğunu vurğulayıb.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanının icrası olaraq, Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli Qərarı əsasında  Nazirliyin tabeliyində publik hüquqi şəxs olaraq  yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya bu istiqamətdə fəaliyyət göstərir. Eləcə də Milli Observatoriya əmək bazarının cari və perspektiv vəziyyətini qiymətləndirməklə, strateji məşğulluq sahələrini, bu sahələrdəki mövcud və gələcək inkişaf meyillərini, peşə və ixtisaslara,  zəruri bacarıqlara və səriştələrə dair yeni tələbləri müəyyən edir. Bu da əmək bazarı ilə bağlı islahatlarda, aktiv məşğulluq proqramlarının hazırlanması və genişləndirilməsində mühüm önəm kəsb edir.  Ümumilikdə, Milli Observatoriyanın  monitorinq və təhlilləri, proqnozlaşdırma fəaliyyəti əmək, məşğulluq, sosial müdafiə sisteminin təkmilləşdirilməsi işlərində institusional əsaslar rolunu oynayır.

Eyni zamanda, Milli Observatoriya tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imanlarının artırılması üçün hazırlanan layihələri də qeyd edən S.Babayev xüsusilə Virtual İnnovasiyalar Parkı layihəsinin əhəmiyyətini diqqətə çatdırıb. O, əlilliyi olan şəxslərin inklüziv əsasda məşğulluğunun təminatı, onların biznes ideyalarının, startaplarının, innovativ təklif və təşəbbüslərinin reallaşdırılması imkanlarının artırılmasında,  bu virtual platformanın önəmli rola malik ola biləcəyini bildirib.

İclasda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən görülən işlərə dair təqdimat olub. Həmçinin Milli Observatoriyanın rəqəmsal transformasiya,     müayinə-sorğu xidməti və onun strukturu,  məşğulluğun ardıcıl, səmərəli təminatı və effektiv restrukturuzasiyası, Virtual İnnovasiyalar Parkı, eşitmə məhdudiyyətli şəxslər üçün innovativ tərcümə və s. ilə bağlı layihələri, bu layihələr üzrə görülən işlər təqdim edilib, müzakirələr aparılıb.