“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 357-VIQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 357-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun

20.11.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20.11.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185, № 12 (I kitab), maddə 2580; 2019, № 2, maddə 231, № 4, maddə 653, № 7, maddə 1220, № 8, maddə 1390) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “1.0.18-ci” sözlərindən sonra “, 20.11.1-ci” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 20.11.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

3. Bu Fərman 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 avqust 2021-ci il