DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində fəaliyyətini uğurla başa vuran 70-dən çox “İnklüziv DOST” könüllüsünə sertifikatların təqdimat mərasimi keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, sədr müavini Bəhruz Məmmədzadə, üzvləri İradə Rzazadə və Aslan Əzimzadə iştirak ediblər. Mərkəzin direktoru Nigar Məmmədova könüllüləri təbrik edib, uğurlar arzulayıb. “Könüllü DOST” proqramının 5 altproqramından biri olan “İnklüziv DOST” könüllülük fəaliyyətinin üstünlüklərindən danışılıb.
Bildirilib ki, 3 aylıq proqram müddətində 3 növbədə Mərkəzdə könüllülük fəaliyyəti keçən gənclər təkcə təlim prosesində deyil, Mərkəzdə keçirilən tədbirlər zamanı, habelə yaradıcılıq mühitində də önəmli rol oynayırlar. İctimai şuranın sədri Elşad Məmmədov həssas əhali qruplarından olan şəxslərlə iş prinsiplərinin öyrənilməsi baxımından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin unikal təcrübə məkanı olduğunu vurğulayıb. Qeyd olunub ki, könüllülük fəaliyyətinə bu kateqoriyaya aid şəxslərin də cəlb olunması inklüzivliyin və sosiallaşmanın gücləndirilməsinə əlavə imkanlar yaradır. İctimai şuranın üzvləri İradə Rzazadə və Aslan Əzimzadə bu könüllülük fəaliyyətinin cəmiyyətdə inklüzivlik anlayışının təbliği üçün ən yaxşı körpü rolu oynadığını diqqətə çatdırıblar.
Seçim zamanı sosial iş, psixologiya, məktəbəqədər təhsil, sosiologiya ixtisaslarında təhsil alan gənclərə üstünlük verilir ki, bu da gənclərə gələcək karyeralarında uğurlu nəticələr əldə edə bilmələri üçün səmərəli təcrübi biliklər qazandırır. İctimai şura sədri və üzvləri Mərkəzin təlimçiləri və benefisiarlarının “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırladıqları əl işlərindən ibarət ekspozisiya ilə tanış olublar.
Qeyd olunub ki, COP29-a hazırlıq öncəsi Mərkəz üzvləri də ətraf mühitin mühafizəsinə xidmət edən təşəbbüslərə qoşulublar. Ekspozisiyadakı əl işlərinin bir qismi bir neçə tədbirdə, o cümlədən IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi və “Yaşıl Dünya Naminə Həmrəylik: Dayanıqlı Gələcək Üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumu çərçivəsində nümayiş etdirilib. Daha sonra İctimai Şura üzvləri ilə görüş təşkil olunub, Mərkəzdə inklüzivliyin inkişafı ilə bağlı digər tədbirlər barədə məlumat verilib. Təlim və sosial psixoloji xidmət istiqamətləri üzrə əldə edilən nailiyyətlər, benefisiarların yaradıcılıq potensialının inkişaf etdirilməsi və cəmiyyətə tanıdılması sahəsində görülən işlər diqqətə çatdırılıb. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, İctimai şura üzvlərinin fikirləri, təklifləri dinlənilib.