«Əmək veteranı» adı və vəsiqəsi necə verilir?
Əmək veteranı adı və vəsiqəsi «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.
“Əmək veteranı” adı və vəsiqəsi kimlərə verilir?
Əmək veteranı adı və veteran vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:
- İqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər;
- Keçmiş Sovet Respublikalarının Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar;
- Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqilabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;
- Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar;
- Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;
- Uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda).
Müraciət qaydası
“Əmək veteranı” adını almaq istəyən şəxs ərizə və həmin adı almaq üçün bu təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir.
Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.
Müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və digər hallarda “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Tələb olunan sənədlərin siyahısı
- Şəxsiyyəti təsdiq edən sənəd
- Yaşa görə əmək pensiyaçısı olması barədə arayış
- Əmək kitabçasının surəti
- 3x4 ölçüdə 2 ədəd fotoşəkil
- Ərizə