“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir.

1.2. Qaydalarda Qanunun məqsədləri üçün müəyyən edilən əsas anlayışlardan istifadə olunur.

1.3. 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.

 

2. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması

 

2.1. Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.

2.2. Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə) əlavə edilir.

2.3. Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin pensiya təyin olunması üçün müraciəti “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi üçün sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında” Təlimata uyğun olaraq cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsilə təqdim edilir.

2.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur.

2.5. Xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları əmək pensiyasının təyin edilməsi barədə müraciəti və sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə Fonda təqdim edirlər.

2.6. Azərbaycan Respublikası tərəfindən pensiya təminatı sahəsində imzalanmış beynəlxalq müqavilələr üzrə pensiya təyinatı ilə bağlı müraciətlər və sənədlər həmin müqavilələrdə müəyyən edilmiş səlahiyyətli qurumlar tərəfindən Fonda təqdim edilir.

2.7. Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” (bundan sonra – MEİS) Pensiya Alt Sisteminə (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir.[1]

2.8. Şəxsin sosial sığorta üzrə məlumatları fərdi şəxsi hesabında tam əks olunduğu halda o, (güzəştli şərtlərlə pensiya hüququ qazananlar istisna olmaqla) pensiya təyinatı barədə elektron müraciət edə bilər. Şəxsin pensiya təyinatı barədə elektron müraciəti PAS-da dərhal qeydə alınır və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir.

2.9. Şöbənin və ya İdarənin Pensiya üzrə komissiyası (bundan sonra Komissiya) 2 (iki) iş günü ərzində müraciətlə bağlı çatışmayan sənədlərin olduğunu müəyyən etdikdə bu barədə məlumatı PAS-a daxil edir, PAS tərəfindən hazırlanmış bildirişi (4 nömrəli Əlavə) gücləndirilmiş elektron imza ilə təsdiqləyərək, müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərir və ya bildirir.

2.10. Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 (bir) iş günü ərzində onu PAS-a daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir.

2.11. Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul edilir.

2.12. Gün ərzində Komissiya tərəfindən qəbul olunmuş qərarları özündə əks etdirən PAS tərəfindən hazırlanmış protokol (7 nömrəli Əlavə) Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

2.13. Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir.

2.14. Bu Qaydalara uyğun olaraq əmək pensiyası təyin edilməsi və yaxud təyin edilməsindən imtina edilməsi barədə məlumatlar PAS-da saxlanılır.

 

3. Sosial sığorta stajının hesablanması proseduru

 

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir:

3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;

3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:

3.2.1. əmək kitabçası;

3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə);

3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi;

3.2.5. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə);

3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.

3.3. İş stajı üzrə məlumatlar PAS-a aşağıdakı kimi daxil edilir:

3.3.1. bu Qaydalar qüvvəyə mindiyi günədək işləyən şəxslər üçün işəgötürən tərəfindən;

3.3.2 bu Qaydalar qüvvəyə mindiyi günədək işləməyən şəxslər üçün Şöbənin və ya İdarənin işçisi tərəfindən;

3.3.3. sığorta stajı məhkəmə qaydasında müəyyən edilən şəxs üçün Şöbənin və ya İdarənin işçisi tərəfindən.

3.4. Məlumatları PAS-a daxil edən istifadəçi (işəgötürən yaxud Şöbənin və ya İdarənin işçisi) iş stajını təsdiq edən sənədin skan edilmiş surətini bu sənəd üzrə məlumatlarla birlikdə PAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiq edir.

3.5. 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

3.7. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir.

3.8. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir.[2]

3.9. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. .

3.10. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir.

 

4. Əmək pensiyalarının təyin edilməsi

 

4.1. Yaşa görə əmək pensiyası hüququ

 

4.1.1. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

4.1.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

 

Dövr

Kişilər üzrə pensiya yaşı

Qadınlar üzrə pensiya yaşı

1 iyul 2017 – 30 iyun 2018

63 il 6 ay

60 il 6 ay

1 iyul 2018 – 30 iyun 2019

64 il

61 il

1 iyul 2019 – 30 iyun 2020

64 il 6 ay

61 il 6 ay

1 iyul 2020 – 30 iyun 2021

65 il

62 il

1 iyul 2021 – 30 iyun 2022

65 il

62 il 6 ay

1 iyul 2022 – 30 iyun 2023

65 il

63 il

1 iyul 2023 – 30 iyun 2024

65 il

63 il 6 ay

1 iyul 2024 – 30 iyun 2025

65 il

64 il

1 iyul 2025 – 30 iyun 2026

65 il

64 il 6 ay

1 iyul 2026 və sonra

65 il

65 il

 

Misal 1. 1954-cü il 20 iyul tarixində anadan olmuş, 30 il sığorta stajı olan kişinin 63,5 yaşında, yəni 2018-ci il 20 yanvar tarixində yaşa görə əmək pensiyası hüququ yaranır.

Misal 2. 1958-ci il 15 iyul tarixində anadan olmuş, 18 il sığorta stajı olan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən sığortaolunan qadının 61,5 yaşda, yəni 2020-ci il 15 yanvar tarixində yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər.

Misal 3. 1957-ci il 15 iyul tarixində anadan olmuş qadın yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2018-ci ilin 27 fevralında müraciət edir. Onun müraciət etdiyi tarixə 8 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 21187 manat pensiya kapitalı vardır. 2017-ci il 1 iyulundan - 2018-ci ilin 30 iyununadək olan dövrdə qadınlara yaşa görə pensiya təyin edilməsi üçün (21 187 / 144 = 147,3 > 110) yaş həddi 60,5 yaş müəyyən edildiyindən və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müraciət anında əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün, onun yaşa görə pensiya hüququ 2018-ci il 15 yanvar tarixindən yaranır.

Misal 4. 1954-cü il 1 sentyabr tarixində anadan olmuş, 23 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 13 000 manat pensiya kapitalına malik olan kişi 2018-ci ilin 1 oktyabrında yaşa görə pensiya təyin olunması üçün müraciət edir. 2018-ci ilin sentyabr ayının 1-də Qanunla yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə (64 yaş) çatmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi və həmçinin sığorta stajı 25 ildən az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır.

Əgər bu şəxs ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, onun həmin gündən yaşa görə əmək pensiyası hüququ yaranır.

4-cü misaldakı sığortaolunan kişinin pensiya hüququ fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdikdə və ya azı 25 il sığorta stajına malik olduqda yarana bilər. Bu zaman əmək pensiyası həmin şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının və ya 25 il sığorta stajının tamamlandığı gündən təyin ediləcəkdir.

4.1.4. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranır.

Misal 5. 1963-cü il 18 avqust tarixində anadan olmuş və altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş sığortaolunan qadın 2018-ci ilin 25 avqustunda əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Müraciət etdiyi gün onun 12 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10000 pensiya kapitalı qeydə alınmışdır. O, 2018-ci ilin fevralın 18-də yaşa görə pensiya təyin edilməsi üçün Qanunla müəyyən edilmiş 54 il altı ay (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 6 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşa çatmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun yaşa görə pensiya hüququ yaranmır.

5-ci misalda göstərilən sığortaolunan qadının pensiya hüququ fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdikdə və ya azı 25 il sığorta stajına malik olduqda yarana bilər. Bu zaman əmək pensiyası həmin şəxsə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının və ya 25 il sığorta stajının tamamlandığı gündən təyin ediləcəkdir.

Misal 6. 1964-cü il 18 iyul tarixində anadan olmuş yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 29800 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun 53 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 7 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) tamam olduğu 2018-ci il 18 yanvar tarixindən yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 7. 1964-cü il 20 avqust tarixində anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ananın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 30130 manat təşkil edir. Həmin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi üçün onun stajından asılı olmayaraq 57 il 6 ay yaş həddinin (01.07.2021-30.06.2022-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 62,5 il pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 20 fevral 2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.6. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi halda və ya azı 25 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla bu şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 8. 1959-cu il 14 noyabr tarixində anadan olmuş kişinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün onun sığorta stajından asılı olmayaraq 58 il altı ay yaş həddinin (01.07.2017-30.06.2018-ci il tarixədək olan dövr üçün kişilər üzrə müəyyən edilmiş 63 il 6 ay pensiya yaş həddi 5 il azaldılmaqla) tamam olduğu 2018-ci il 14 may tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.

4.1.7. Qanunun 9.1-ci maddəsinə uyğun olaraq axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

4.1.8. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Misal 9. 60 yaşlı kişi 2017-ci il 22 avqust tarixində Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün müraciət etmişdir. O, 25 ildən artıq ümumi sığorta stajına malikdir, bu müddətin 12 il 6 ayını dəniz şəraitində quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsində işləmişdir və fərdi hesabının sığorta hissəsində 37300 manat pensiya kapitalı vardır.

Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın X bölməsinin (“Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”) 10.2-ci bəndində nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, onun müraciət etdiyi gün yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 10. Yuxarıdakı misalda qeyd olunan kişinin Qanunla tələb edilən sığorta stajına (ümumi və xüsusi) malik olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi halda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

4.1.9. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.

Misal 11. 1965-cı il 18 avqust tarixində anadan olmuş kişi 11.10.2005-ci il tarixədək 23 il ümumi sığorta stajı qazanmışdır və bu stajın 10 il 3 ayını Bakı polad tökmə zavodunda polad tökücüsü vəzifəsində işləmişdir.

2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər.

Misalda qeyd edilən kişinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi və 1 nömrəli Siyahı üzrə 10 il sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş Qanunun 13-cü maddəsinin “a” bəndi ilə müəyyən edilmiş 52 yaşa çatdığı 2017-ci ilin 18 avqustundan təyin edilməlidir.

4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

Misal 12. 2017-ci il 15 iyul tarixdə 54 yaşı olan kişi 30 aprel 2009-cu il tarixədək 20 il ümumi sığorta stajına, o cümlədən 13 il 8 ay güzəştli şərtlərlə sığorta stajına malikdir. O, 2017-ci ilin dekabrın 5-də “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən yaşa görə pensiya təyin olunması üçün müraciət etmişdir.

13 il 8 ay güzəştli sığorta stajı olmasına baxmayaraq, 20 il ümumi sığorta stajını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixdən sonra, 30 aprel 2009-cu il tarixədək qazandığı üçün onun Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ yoxdur. Həmin kişinin güzəştli şərtlə pensiya hüququ 60 yaşına çatdıqda, ümumi sığorta stajı 25 il olduqda və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə yarana bilər.

4.1.11. 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.

Misal 13. 1964-cü il 18 iyun tarixdə anadan olmuş yeddi uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının 10 il sığorta stajı olmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5000 manatdır. O, 2017-ci il 17 iyulunda yaşa görə pensiya təyin olunması barədə müraciət etmişdir. Qadına yaşa görə pensiya 53 yaşının tamam olduğu 2017-ci il 18 iyun tarixindən Qanunun həmin dövrdə qüvvədə olmuş normalarına uyğun təyin edilməlidir.

Misal 14. 63 yaşı 2016-cı il 10 iyununda tamam olmuş kişinin 13 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 10000 manat pensiya kapitalı vardır. O, 01 avqust 2017-ci il tarixdə yaşa görə pensiya təyinatı üçün müraciət etmişdir. Onun yaşa görə pensiya hüququ 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığı üçün ona Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında 2016-cı il 10 iyun tarixindən yaşa görə pensiya təyin olunmalıdır.

 

4.2. Yaşa görə əmək pensiyalarının hesablanması

 

4.2.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir.

4.2.2. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

Misal 15. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:

(27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat.

4.2.3. 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.

Misal 16. 15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 01.01.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.

 

İllər

İstehlak qiymətləri indeksinin illik səviyyəsi

İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı

2006

8,3

8415,0

2007

16,7

9113,4

2008

20,8

10635,4

2009

1,5

12847,6

<s