Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.
Prezident İlham Əliyevin giriş nitqi
- Bu gün biz Nazirlər Kabinetinin iclasında 2018-ci ilin əsas yekunlarını müzakirə edəcəyik, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq.
2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.
Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır.
Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediyim kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var.
Ölkəmizdə, ümumiyyətlə, daxili vəziyyət - həm ictimai-siyasi, həm iqtisadi-sosial məsələlərlə bağlı vəziyyət sabitdir. Yəni deyə bilərəm ki, 2018-ci il əvvəlki illərdən çox da fərqlənməyib, ölkəmiz dinamik inkişaf yolu ilə gedib.
Həmçinin hesab edirəm ki, keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır. Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır. Bir sözlə, qonşu ölkələrlə əlaqələrimiz çox müsbətdir və əminəm ki, bu il də bu istiqamətdə yeni müsbət addımlar atılacaqdır.
Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. Bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, keçən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir və Naxçıvan şəhəri bu şərəfli adı çox böyük uğurla daşımışdır. Biz bu il də müsəlman ölkələri ilə əlaqələrimizi müxtəlif istiqamətlərdə inkişaf etdirəcəyik və beləliklə, müsəlman aləmində bizim nüfuzumuz, çəkimiz, rolumuz daha da artacaqdır.
Bildiyiniz kimi, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmışdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır. Xüsusilə onu vurğulamalıyam ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapmışdır.
Biz ötən il Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirmişik. Bildiyiniz kimi, bu il Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.
Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu Konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur.
Bildiyiniz kimi, keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.
Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb. Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi.
Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var.
Mən dəfələrlə demişəm ki, Ermənistanı kriminal rejim idarə edir. İndi bunu erməni xalqı deyir. Onların keçmiş rəhbərləri cinayətkardır, bu, sübut olunub. Onların qəhrəmanları qorxaqdır, onların generalları oğrudur. Bax, budur, Ermənistanın indiki vəziyyəti. Müstəqilliyi cəmi 27 ilə bərabər olan bir ölkəni əgər 20 il ərzində cinayətkarlar idarə ediblərsə, onda bu ölkə haqqında təsəvvür yaratmaq o qədər də çətin deyil.
Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır.
Eyni zamanda, biz keçən il əlbəttə ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var. Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir. Uğurlu Naxçıvan əməliyyatında fərqlənən hərbçilərə dövlət tərəfindən müvafiq mükafatlar verilmişdir.
Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək.
Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də - düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır.
Müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il uğurla həll olunub. Bu məsələ ilə bağlı çox ciddi addımlar atılıb. Keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilibdir. Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Yəni, bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik.
Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar ili olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Büdcəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir.
Bizim bütün iqtisadi göstəricilərimiz çox müsbətdir. Mən bəzi göstəriciləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən proseslərə baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir.
İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Görürsünüz ki, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Əgər biz 2017-ci ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır.
Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb. Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur. Biz ancaq texnoloji tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit ala bilərik. Çünki buna ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız da artır.
Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir. İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Əgər ölkələrə biz nəzər salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal ixracı üstələyir. Azərbaycanda isə biz bunun əksini görürük. Özü də biz ölkəyə ixracla bağlı daha çox - 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik. Əgər biz buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı ilə bağlı apardığımız siyasət, görürsünüz ki, ilk növbədə, maliyyə sahəsində özünü büruzə verir. Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq.
Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır.
Keçən ilin önəmli hadisələrini sadalamaq üçün bir neçə saat vaxt lazımdır. Mən bir neçə önəmli hadisəni qeyd etmək istərdim. Biz keçən il üçüncü peyki orbitə buraxdıq və Azərbaycan kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirdi. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur. Ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli hadisə baş vermişdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlamışdır. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.
Bir daha demək istəyirəm, keçən il bir çox hadisələr olub ki, onların haqqında danışmaq olar. Ancaq hesab edirəm ki, mən Azərbaycan xalqını keçən il görülmüş əsas işlər haqqında müəyyən dərəcədə yığcam formada məlumatlandırıram. Nazirlər Kabinetinin toplantıları, əlbəttə, o cümlədən xalqa verilən hesabatdır. Mən müxtəlif tədbirlərdə, müxtəlif görüşlərdə xalqa müntəzəm olaraq hesabatlar verirəm. Eyni zamanda, görülmüş işlər haqqında hesabatın bu formatda da verilməsi hesab edirəm ki, düzgün addımdır.
Bu gün biz bu il görüləcək işlər haqqında danışacağıq. Müvafiq tapşırıqlar veriləcək ki, 2019-cu il də ölkəmiz üçün uğurlu il olsun.
X X X
Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Müsəlman Şərqində ilk demokratik respublikanın qurulmasının 100 illiyi münasibətilə “Cümhuriyyət ili” kimi qeyd etdiyimiz 2018-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı hadisələrin əhəmiyyəti və zənginliyi baxımından uğurlu bir il kimi səciyyələndirilməlidir.
Yola saldığımız ilin ən əlamətdar hadisəsi aprel ayında keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı və parlaq qələbəsi olub. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə, modernləşməyə və firavan gələcəyə aparan və son 15 ildə özünü təsdiq etmiş uğurlu iqtisadi və sosial kursun davam etməsinə növbəti dəfə tam dəstəyini ifadə edib.
2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrin ərsəyə gəlməsi, o cümlədən nəhəng transmilli “Cənubi Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələrinin uğurla reallaşması, “Azərspace-2” peykinin orbitə buraxılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Sumqayıtda polipropilen zavodunun, Azərbaycanın dövlət investisiyası ilə Türkiyədə böyük neft emalı zavodunun istismara verilməsi ilə də səciyyələnir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüskarı olduğu bu layihələr uzun illər ərzində ölkə iqtisadiyyatının inkişafına birbaşa və dolayısı ilə mühüm töhfələr verəcək.
Ötən il “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib, yeni büdcə və ortamüddətli xərclərin formalaşdırılması qaydası, dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiya, yeni vahid büdcə təsnifatı təsdiqlənib. Qeyd olunan sənədlər qeyri-neft sektorunda vergi yükünün azaldılmasını, büdcənin sabitliyinin və ortamüddətli dayanıqlığının təmin edilməsini, dövlət xərclərinin prosiklikliyinin aradan qaldırılmasını, maliyyə inzibatçılığının və hesabatlılığın daha da artırılmasını, ölkədə dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyən edilməsini, bu sahədə risklərin qarşılanması sisteminin təkmilləşdirilməsini və nəzarət mexanizminin gücləndirilməsini özündə birləşdirir.
2018-ci il, eyni zamanda, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması ili kimi də dəyərləndirilə bilər. Büdcə-fiskal siyasətin monetar siyasətlə sıx əlaqəli şəkildə həyata keçirilməsi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub, inflyasiyanın cilovlanmasına və ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz-bənd azalmasına nail olunub. Xarici ticarət balansındakı müsbət saldo tədiyyə balansının cari əməliyyatlar hesabının 5 milyard ABŞ dollarına qədər, məcmu valyuta ehtiyatlarının isə ötən ilin əvvəlinə nisbətən 3,0 milyard ABŞ dolları məbləğində və ya 6,5 faiz artmasını şərtləndirib.
2018-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları nəzərə alınmadan hökumətin valyuta ehtiyatları xarici dövlət borcumuzu 4,3 dəfə üstələməklə ümumi daxili məhsulun 83,5 faizini təşkil edib.
Ötən il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal büdcəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı və ya ümumi daxili məhsula nisbətdə 5,9 faizlik profisit əldə edilib. 2017-ci illə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9 faiz, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6 faiz çox icra olunub.
2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 411 milyon manat və yaxud təsdiq olunmuş proqnoza nisbətən 262,0 milyon manat çox icra edilib. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı faktiki olaraq 644,0 milyon manat az olub və ya 307,0 milyon manatadək daralıb.
Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207,0 milyon manat, 2017-ci illə müqayisədə isə 378,0 milyon manat və ya 4,4 faiz çox təşkil edib.
2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz, 2017-ci ilə nisbətən 444,0 milyon manat və ya 6,4 faiz çox icra edilib.
Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244,0 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci illə müqayisədə 825,0 milyon manat və ya 31,6 faiz çoxdur.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz 1,2 faiz artımla yerinə yetirilərək büdcəyə 101,2 milyon manat vəsait təmin edilib.
2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 719 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci ilin icra göstəricisindən 0,3 faiz-bənd çoxdur.
Ötən il dövlət və icmal büdcələrdə nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib.
Hesabat ilində dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 506,0 milyon manat və ya 7,6 faiz çoxdur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446,0 milyon manat təminat yaradılıb.
Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436,0 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100,0 və 50,0 milyon manat vəsait ayrılıb.
Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə ötən il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara verilmiş mənzillərin sayı 1284-ə çatdırılıb.
Ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə dövlət tərəfindən görülən məqsədyönlü tədbirlər Dünya Bankının “Doing Business 2019” təhlilində öz əksini tapıb, ölkəmiz ümumi reytinqdə yeni rekorda imza ataraq dünyada 10 ən islahatçı dövlət siyahısına daxil olub. Bu təhlil ölkəmizdə əlverişli investisiya mühitinin cəlbediciliyinin mühüm göstəricisi olmaqla, özəl, xarici və daxili sərmayələrin iqtisadiyyatımıza, xüsusən onun qeyri-neft sahələrinə axını üçün əlavə güclü təkan verir.
Sahibkarlığa dövlət dəstəyinin əyani göstəricisi kimi qeyd etmək yerinə düşər ki, hesabat ili ərzində kənd təsərrüfatı sahəsində çalışanlara 370,0 milyon manat məbləğində subsidiya və güzəştlər verilib, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160,0 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb, İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277,0 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17,0 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib.
Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət büdcəsindən 15,0 milyon manat məbləğində ixrac təşviqləri ödənilib.
Hesabat ilində sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu hesabına 301,0 milyon manat – cəmi 5 milyard 365 milyon manat vəsait sərf edilib.
Möhtərəm Prezident, 2018-ci ildə təsdiq etdiyiniz dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın icrasına başlanılıb və ötən il ərzində görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəkindən 3,8 faiz-bənd azalıb və 19,0 faiz təşkil edib.
Bununla yanaşı, daxili qiymətli kağızlar bazarının təşviqi, bank və sığorta sektorunun inkişafı üçün maliyyə alətlərinə olan tələbatın ödənilməsi, habelə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə il ərzində daxili bazarda 1 milyard 81 milyon manat məbləğində daxili dövlət borc kağızları yerləşdirilib.
Ümumiyyətlə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 2 milyard 260 milyon manat vəsait istifadə olunub.
Möhtərəm cənab Prezident.
Sizin də qeyd etdiyiniz kimi, yola saldığımız 2018-ci ildə Azərbaycan Respublikasının uğurlu, dinamik inkişafı təmin olunub, ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilib, 2019-cu və gələcək illərin iqtisadi inkişafının təməlləri atılıb. Tam əminliklə söyləmək olar ki, Sizin rəhbərliyinizlə 2019-cu ildə də davam etdiriləcək köklü və çoxşaxəli iqtisadi islahatlar, məqsədyönlü proqramlar iqtisadiyyatımızın inkişafına və xalqımızın rifahının yüksəldilməsinə öz böyük töhfəsini verəcək.
İcazə verin, çıxışımın sonunda Sizi əmin edim ki, bugünkü iclasda verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2019-cu ildə qarşıya qoyulan hədəflərin təmin olunmasında Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil BABAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım təmin olunur, çoxşaxəli sosial proqramlar reallaşdırılır, sosial müdafiə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyur.
Cənab Prezident, pensiya, ünvanlı yardım, əlillik və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron sistemlərin tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında qoyduğunuz əsas vəzifələrdir. Bu vəzifələrə uyğun olaraq, sosial müdafiə sisteminin inkişafına və mənfi halların aradan qaldırılmasına xidmət edən geniş islahatlar paketi hazırlanıb və Sizin dəstəyinizlə icra olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanıb. Sizin 2018-ci il 9 avqust və 10 dekabr tarixli fərmanlarınıza əsasən “DOST” layihəsinin hüquqi və institusional işləri artıq başa çatıb.
“DOST” mərkəzlərində birbaşa, telefon və internetlə, səyyar və tam avtomatlaşdırılmış qaydada 124 xidmət göstəriləcəkdir. Tezliklə Yasamal rayonunda ilk “DOST” mərkəzinin açılması, cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur.
Eyni zamanda, elektron xidmətlərin genişləndirilməsi məqsədilə Sizin tapşırıqlarınızın və 2018-ci il 5 sentyabr tarixli Fərmanınızın icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” sistemi və 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi yaradılıb.
“E-sosial” portalı ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdırıb, vətəndaşlara əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və digər məlumatlara birbaşa çıxış imkanı yaradıb, şəffaflığı və ictimai açıqlığı təmin edib.
Yanvar ayında istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlər işçi qüvvəsinə sərbəst çıxış əldə edəcəklər.
Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Bu innovativ yanaşma əsasında, vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir.
İslahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır. Bu mühüm sosial təşəbbüs vətəndaşlarımıza Sizin qayğınızın növbəti təzahürüdür və cari ildə əlavə olaraq 19 min 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaqdır. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaqdır.
Möhtərəm cənab Prezident, hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.
Ötən il Fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Sizin sərəncamlarınızla ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.
Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə yardım verilməsi haqqında Sərəncamınızla 172 min üzvü olan 42895 ailəyə vəsait ödənilib.
Şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramı da uğurla davam edib. 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanan proqram ildən-ilə genişlənib və 6654 ailəyə mənzillər təqdim edilib.
Sizin və birinci xanım Mehriban Əliyevanın avqustun 1-də müharibə əlilləri və şəhid ailələrinə mənzillərin verilməsi mərasimində iştirakınız onlara yüksək diqqətin növbəti təzahürü olub. Tədbirdən bir gün sonra imzaladığınız Sərəncamla ehtiyat fondundan 20 milyon manat əlavə vəsaitin ayrılması nəticəsində 2018-ci ildə onlara 626 mənzil və 265 minik avtomobili verilib.
Möhtərəm cənab Prezident, 2018-ci ildə keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanaraq, Prezident seçildikdən sonra imzaladığınız ilk Fərman da şəhid ailələri ilə bağlı növbəti humanist addımınız olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 vərəsəsinə məmur təması olmadan 34 milyon manat vəsait ödənilib.
Nazirlik qarşısında qoyduğunuz vəzifələrdən biri də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb.
Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb. Əsassız təyinatlar ləğv edilərək, 3 milyon manat büdcə vəsaitinə qənaət olunub.
Hesabat ilində 11 min 900 nəfərə reabilitasiya xidmətləri göstərilib, 35 min 300 reabilitasiya vasitəsi, 7557 sanator-kurort yollayışı verilib.
Çox hörmətli cənab Prezident, hesabat ilində işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması, aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi islahatları da davam etdirilib. 2018-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən əvvəlki ilə nisbətən 8,1 faiz çox olmaqla 51 min 774 nəfər işlə təmin edilib, 118 min 138 nəfər peşəyönümü məsləhətlərinə, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənilib. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 91,3 min artıb.
Özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb.
Proqrama cəlb olunanların əksəriyyətini ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələri, qadınlar və gənclər təşkil edib. Heydər Əliyev Fondu bu istiqamətdə Nazirliyə dəstək verib və “Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.
Tapşırığınıza əsasən ictimai işlərin təşkilinə dair “İşsizin dostu” adlı yeni proqram hazırlanıb, “DOST İŞ MƏRKƏZİ” yaradılıb. Mərkəz vasitəsilə bu il 30 minədək işsiz şəxs ictimai işlərə tam şəffaf şəkildə cəlb ediləcəkdir.
Cənab Prezident, Sizi əmin edirəm ki, Nazirliyin kollektivi sosial inkişaf proqramınızın yüksək səviyyədə icrası üçün 2019-cu ildə də bütün səylərini səfərbər edəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Dövlət Gömrük Komitəsinin sədri Səfər MEHDİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq zamanın çağırışlarına adekvat qərarlar qəbul edilməklə ölkəmizin iqtisadi gücü daha da artırılıb. 2018-ci ildə ölkəmizin maliyyə dayanıqlılığı, yaxın və uzaq gələcəyə hədəflənmiş düzgün iqtisadi inkişaf strategiyası sayəsində makroiqtisadi sabitlik təmin edilib və iqtisadiyyatımızın inkişaf dinamikasının qorunub saxlanılmasına nail olunub. Əldə olunan bu nailiyyətlər, cənab Prezident, Sizin rəhbərliyiniz ilə aparılmış genişmiqyaslı islahatların nəticəsində qazanılıb və ötən dövr ərzində beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da güclənib.
2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.
Qeyd etmək istəyirəm ki, hesabat dövründə ticarət dövriyyəsi 30 milyard 924 milyon ABŞ dolları təşkil edib. İxracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub. 2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası deyil. Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib. Bununla yanaşı, idxalın tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub.
Cənab Prezident, gömrük orqanları qarşısında gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoymusunuz. Bildirmək istəyirəm ki, 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bundan başqa, valyuta və valyuta sərvətləri, zinət əşyaları, dərman preparatları, mobil telefonlar, pnevmatik və soyuq silahlar və digər mallar tutulub. Cari ildə gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub və aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.
Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilmiş və nəticədə tərəfimizdən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək.
Cənab Prezident, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib.
Diqqətinizə çatdırmaq istəyirəm ki, ötən dövr ərzində gömrük xidməti olaraq bizim üçün ən önəmlisi xarici ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi olub. Burada, ilk növbədə, ən vacib və problemli məsələ bir çox hallarda xarici ticarət fəaliyyət iştirakçıları tərəfindən ölkəyə gətirilən mal və nəqliyyat vasitələrinin düzgün və real dəyərlə bəyan olunmamasıdır. Lakin tərəfimizdən qanunun aliliyi əsas götürülərək beynəlxalq prinsiplərə əsaslanan mövcud qanunvericiliyin müddəaları, idxal mallarına münasibətdə qiymətləndirmə metodları düzgün tətbiq olunur və daxili bazarda rəqabətliliyin qorunması təmin edilir.
Fiskal funksiyalar həyata keçirən qurumların, o cümlədən gömrük xidmətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə göstərir ki, vergiödəyiciləri arasında könüllü riayət psixologiyasının formalaşdırılması və onlara mütəmadi özünüqiymətləndirmə sisteminin tətbiqinin aşılanması faktiki olaraq büdcə gəlirləri ilə bağlı müəyyən edilmiş öhdəliklərin icrasında daha effektiv metod hesab olunur. Hazırda bu formatda yanaşma ilə bağlı yeni qanunvericilik aktı Zati-alilərinizin müvafiq Fərmanı ilə təsdiqlənib.
Möhtərəm cənab Prezident, Sizin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli Fərmanınız ölkəmizdə sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyətinin” əsasını qoyub.
Cənab Prezident, ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamlarınızın icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi qarşılıqlı əlaqələndirmə formatında idxal-ixrac əməliyyatlarına birgə nəzarət tədbirləri həyata keçirib, xarici ticarət fəaliyyət iştirakçılarının vergidən yayınma cəhdləri nəzarətə götürülüb, vahid risk platformasının tətbiqinə başlanılıb. Qeyd etmək istəyirəm ki, iki dövlət qurumu arasında idxal-ixrac mallarına münasibətdə risklərin idarə olunması prinsipinin ən yüksək səviyyədə tətbiqinə demək olar ki, nail olmuşuq. Qarşılıqlı nəzarət sisteminin tətbiqi dövlətin büdcəsindən vergi yayınmasının qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyətinin və könüllü riayət sisteminin formalaşdırılması istiqamətində görüləcək ən mühüm tədbirlərdən olacaq.
Diqqətinizə çatdırmaq istəyirəm ki, ölkəmizin artan turizm potensialı fonunda 2018-ci ildə sərhədi keçən fiziki şəxslərin ümumi sayı 15 milyon 500 min nəfər olmaqla 2017-ci illə müqayisədə 2 milyon nəfər artıb və bu şəxslərə Dövlət Sərhəd Xidməti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət göstərilib.
Cari ildə yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olunacaq. Ümumi Tranzit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biridir. Yeni kompüterləşdirilmiş tranzit sisteminin tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində müvafiq işlər görülməkdədir. Bu isə “Made in Azerbaijan” markalı malların Avropa bazarlarına sərbəst çıxışını təmin edəcək.
Möhtərəm cənab Prezident, icazə verin, Sizi əmin edim ki, Zati-alilərinizin ölkədə apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq cari ildə də göstəriş və sərəncamlarınızın icrasını təmin etməklə Dövlət Gömrük Komitəsi xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, ölkəmizin iqtisadi təhlükəsizliyini qoruyaraq 1 milyard 272 milyon manat artımla proqnozlaşdırılan və qanunla təsdiq olunmuş 3 milyard 702 milyon manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söylədi.
Prezident İlham Əliyevin yekun nitqi
- Mən əminəm ki, biz 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır. Mən giriş sözümdə qeyd etdim ki, keçən il dərin islahatlar ili olmuşdur. Bu islahatlar cəmi il ərzində özünü göstərdi, əlbəttə ki, gələcək illərdə özünü daha böyük həcmdə göstərəcək. Xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni, artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək.
Burada qeyd olundu ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik.
Vergi sahəsində də çox dərin islahatlar aparılıb. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar.
Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq. Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək.
Bu il infrastrukturla bağlı bir çox önəmli layihələr icra ediləcək. Biz son illər ərzində infrastrukturun yaradılması ilə çox ciddi məşğul olmuşuq. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə qabaqcıl yerlərdədir, 30-cu yerdədir. Ancaq hələ ki, görüləsi işlər var və bu istiqamətdə işlər aparılacaq. Bu il "Şimal-2" yeni böyük elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir. Bu stansiya 400 meqavat enerji istehsal edəcək. İndi biz özümüzü elektrik enerjisi ilə tam təmin edirik, hətta böyük həcmdə ixrac da edirik. Ancaq biz yeni güclər yaratmalıyıq. Çünki tələbat artır, sənaye artır, əhali artır və ixrac imkanlarımız genişlənir. Ona görə 400 meqavat gücündə "Şimal-2" elektrik stansiyasının işə salınması mühüm hadisə olacaqdır. Bununla bərabər, keçən ilin ikinci yarısından başlayaraq – o qəza baş verəndən sonra bizim enerji sistemimiz çox ciddi təftiş olunur. Bu sahədə də çox böyük pozuntular aşkarlanıb. Məhz bu pozuntular nəticəsində biz yay mövsümündə gözlənilməz bir qəza ilə üzləşmişdik. Ona görə bütün çatışmazlıqlar operativ qaydada aradan qaldırılır və eyni zamanda, mövcud enerji bloklarımızın reabilitasiyası, yenidən qurulması prosesinə start verilib. Bu məqsədlər üçün keçən il vəsait ayrılıb. Ancaq mövcud enerji qurğularımızı təmir edərək, onlara düzgün xidmət göstərərək biz yeni stansiyalar tikmədən enerji istehsalını ən azı 500 meqavat artıra bilərik. Bu, çox böyük rəqəmdir. Gücü 400 meqavat olan "Şimal-2" stansiyasının işə salınması ilə biz bu il 1000 meqavata yaxın yeni generasiya gücünə malik ola bilərik. Bu, əlbəttə ki, ixrac imkanlarımızı böyük dərəcədə artıracaq. Çünki keçən il biz elektrik enerjisinin ixracından 10 milyonlarla dollar pul əldə etmişik, bu vəsait xəzinəyə daxil olubdur.
Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir. Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat təşkil ediləcəkdir.
Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir.
İçməli su ilə bağlı aparılan işlər nəticəsində 38 şəhərin su məsələsi tam şəkildə öz həllini tapıb. Hazırda 12 şəhərdə işlər gedir və yaxın gələcəkdə o şəhərlərin də içməli su ilə tam təminatı təşkil ediləcəkdir. Bu il beş şəhərdə işlər başa çatacaq. Bu sahədə görülən işlər daim diqqət mərkəzindədir. İçməli su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir.
Keçən il 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var. Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik. Plana görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək.
Biz bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutmuşuq. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq. Bununla yanaşı, bu günə qədər boş qalan torpaqlarda canlanma olacaqdır. Çünki bu ərazilər istifadəsiz qalmışdı. İndi o ərazilərdə kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr icra edilir. O cümlədən Taxtakörpü su anbarı və Ceyranbatana qədər gələn kanal da əlbəttə ki, o torpaqlara suyun verilməsini təmin edir. Sumqayıt-Rusiya sərhədi yolunun böyük hissəsi bu il icra edilməlidir. Natamam qalmış Bakı-Gürcüstan sərhədi yolu. Gəncə şəhərinə qədər dördzolaqlı yol salınıb və Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yolu biz dörd zolağa genişləndirməliyik. Bu məqsədlər üçün də vəsait nəzərdə tutulub. Şəhərlərarası, şəhərlərdaxili və kənd yolları tikiləcək.
Keçən il biz meliorativ tədbirlər görməklə 100 min hektar torpağa su verilməsini təmin etdik. Onlardan 60 min hektara su verilirdi, ancaq çox zəif verilirdi. Yəni, keçən il o torpaqlara suyun verilməsi yaxşılaşdırıldı, 40 min hektara isə heç vaxt su verilmirdi, bu da əkin dövriyyəsinə cəlb edilmiş suvarılan yeni torpaqlar olacaqdır. Yəni, həm 2017-ci ildə 100 min hektara, həm də keçən il 100 min hektara suyun verilməsi kənd təsərrüfatına çox böyük dəstəkdir. Bu il artıq verilən təkliflərə görə ən azı 80 min hektara suyun verilməsi nəzərdə tutulur. Bundan əlavə, 300 subartezian quyusu qazılacaq. Biz onu hər il edirik, keçən il də, əvvəlki illərdə də. Üç yüz subartezian quyusunun qazılması kəndlərdə həm içməli suya olan tələbatı ödəyir, həm də ki, kənd təsərrüfatına xidmət göstərir.
Bu il sosial infrastrukturla bağlı işlər görüləcək. Mən giriş sözümdə qeyd etdiyim kimi, məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcəkdir. Bu il 5800 ailəyə yeni mənzillər verildi. Onu da qeyd etməliyəm ki, bu mənzillərdən 1000-i “Qobu Park” yaşayış kompleksində özəl şirkət tərəfindən inşa edilmiş və köçkünlərə təmənnasız verilmişdir. Bu, çox müsbət təşəbbüsdür, mən bunu çox alqışlayıram. Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. Bildiyimə görə, bu proses bu il də davam etdiriləcək. İlkin hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Hələlik biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa, bunu daha da artıra bilərik. Nə qədər çox etsək, bir o qədər də yaxşıdır. Ancaq hamımız bilməliyik ki, bu, böyük vəsait tələb edən layihələrdir və biz bu məsələləri imkan daxilində həll edirik. Bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilibdir.
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib. Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar.
Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir.
Keçən il 140-dan çox məktəb tikilib. Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikilməsi hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu il və gələn il biz bu proqramı başa çatdırmalıyıq.
Bu il mərkəzi rayon xəstəxanalarının tikintisi davam etdiriləcək. Bu il 10-a yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir. Keçən il də bir çox yerlərdə xəstəxanalar açılmışdır. Bu il üç Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Beş “ASAN xidmət” mərkəzi açılmalıdır.
Onu da bildirməliyəm ki, keçən il 5 milyondan çox insan pulsuz olaraq tibbi müayinədən keçmişdir.
Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var.
Mən giriş sözümdə qeyd etdim ki, biz hərbi potensialımızın möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüşük. Bu il də istisna olmayacaq. Artıq yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ölkəmizə müasir silahlar, texnikalar gətirilir. Yəni, bu məqsədlər üçün biz nə qədər lazımdırsa, o qədər də vəsait ayıracağıq. Bununla paralel olaraq, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, məişət problemlərinin həlli istiqamətində işlər gedir. Keçən il 400-ə yaxın hərbçiyə mənzil verilmişdir. Artıq hərbi xidməti uğurla, qüsursuz başa vuran hərbçilərə bu il də mənzillərin verilməsi nəzərdə tutulur. Hərbçilərin məişət problemlərinin həlli də təmin edilir. Bizim hərbi hissələrimizin mütləq əksəriyyəti indi tam təmirlidir. Təmirsiz olan hissələrdə də təmir işləri nəzərdə tutulur.
Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat. Sevindirici haldır ki, verilən kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına verilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir. Artıq bu vəsait akkumulyasiya olunub. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik. Sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur. Biz kömək edirik, bu işlərə büdcədən vəsait ayırırıq. Biz sərgilərdə, xüsusilə ərzaq məhsullarının təbliği ilə bağlı sərgilərdə dövlət hesabına iştirak edirik. Sahibkarları oraya cəlb edirik ki, onlar öz məhsullarını xaricə daha rahat sata bilsinlər. Ticarət evləri yaradılır. Artıq Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb. Bu da bizim təşəbbüsümüzdür. Onu da bildirməliyəm ki, bizim Ticarət evlərimizə çox böyük maraq var. Bu Ticarət evlərinin açılması nəticəsində həmin ölkələrə bizim ixracımız da artır. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur.
Sənaye potensialımızın inkişafı ilə bağlı keçən ilin göstəriciləri çox müsbətdir. Sənayenin qeyri-neft sektorunda istehsal 9,1 faiz artıb. Bütün bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Sənaye zonalarının, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması geniş vüsət alıb. Nəinki Sumqayıtda, indi Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə də bu proses gedir. Bu günə qədər bizim sənaye parklarımızda 67 rezident var. Onlardan 40 rezident artıq fəaliyyətdədir. Sənaye parklarında həyata keçirilən layihələrə nəzərdə tutulan sərmayə 5 milyard manatdan çoxdur. Bu layihələr nəticəsində 11 min yeni iş yeri yaradılıb. Bu proses davam etdiriləcək. Bu il də sənaye zonalarının yaradılması nəzərdə tutulur.
İnvestisiya təşviqi mexanizminin işə düşməsi də çox ciddi islahat idi. Bu proqram 333 layihəni əhatə edir. Onlardan 107-si 2018-ci ildə icra edilib. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılıb. İndi baxın, əgər biz bu mexanizmə keçməsəydik, bunu tətbiq etməsəydik, ölkə iqtisadiyyatına 2,8 milyard manat qoyulmayacaqdı.
Bu, islahatların nə qədər vacib olduğunu bir daha göstərir. Bəzi hallarda artıq o sözə sadəcə öyrəşirlər. Amma islahat çox böyük məna daşıyır. İslahat nəticəsində dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır. Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir, o cümlədən bax, bu sahibkarlıqla bağlı aparılan islahatlar. Görün, nəticələr nə qədər təsirlidir.
Biz bir neçə il bundan əvvəl ənənəvi sahəmiz olan xalçaçılığı sürətlə inkişaf etdirməyə başlamışıq və nəticələr də var. İyirmi xalça fabriki tikilərək istifadəyə verilib. Bu il 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu fabriklər tam gücü ilə fəaliyyətə başlayandan sonra 5 minə yaxın insan, - onların mütləq əksəriyyəti qadınlardır, - işləyəcək. Həm iş yerləri, gözəl müəssisələr yaradılır, bizim tarixi milli sənətimiz yaşayır və yaşayacaqdır, gənclər cəlb olunur, həm də ki, xalçaçılığın böyük iqtisadi tərəfi də var. Bu, ixracyönümlü məhsuldur.
Qeyd etdiyim kimi, kənd təsərrüfatı sahəsində 4,6 faiz artım yaxşı göstəricidir. Ancaq bu sahədə də çox ciddi islahatlar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanılır. Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik.
Elektron kənd təsərrüfatı sisteminin tam işə düşməsi gündəlikdə duran vacib məsələlərdən biridir. Subsidiyalarla bağlı təkliflər imkan verəcək ki, bu sahədə də müsbətə doğru çox ciddi dönüş yaransın. Çünki subsidiyaların verilməsində də böyük pozuntular olmuşdur. Bəzi hallarda subsidiyalar ünvana çatmırdı, bəzi hallarda çox kortəbii şəkildə verilirdi. Dövlət tərəfindən güzəştli şərtlərlə alınması nəzərdə tutulan gübrələr də bir çox hallarda keyfiyyətsiz idi. İndi gübrə təminatında dövlət 70 faiz yükü öz üzərinə götürür. Amma bəzi hallarda keyfiyyətsiz, müddəti keçmiş gübrələr gətirilirdi və o, kənd təsərrüfatına xeyirdən çox ziyan verirdi. Digər pozuntular da olub. Ona görə bütün pozuntular aradan qaldırılmalıdır. Kənddə işləyən vətəndaş daim hiss etməlidir ki, dövlət hər zaman onun yanındadır.
Biz kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görmüşük. Texnikanın alınması. Təkcə keçən il 5800 texnika alınıb. Əvvəlki illərdə bəzən 9 min, 8 min texnika alınıb. Biz texnika parkımızı böyük dərəcədə təzələmişik. Ən qabaqcıl şirkətlərin texnikası alınır, istər taxılçılıqda, istər pambıqçılıqda və digər sahələrdə. Ona görə biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz kəndliləri torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad etmişik. Mən bilmirəm bu qədər dəstək göstərən ikinci belə ölkə varmı? Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına, texnika dövlət tərəfindən alınaraq güzəştli şərtlərlə verilir, subsidiyalar, infrastruktur layihələri. İndi 100 min hektar torpağın dövriyyəyə cəlb olunması, suvarma suyu ilə təmin edilməsi, yolların çəkilməsi – bütün bunlar güzəştli kreditlər hesabınadır. Sahibkarlığın inkişafına yönələn kreditlərin əksəriyyəti kənd təsərrüfatına gedir. Amma biz daha böyük nəticələr gözləyirik. Yəni, verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmır. O dəstək müqabilində daha da böyük istehsal, daha da inkişaf etmiş kənd təsərrüfatı olmalı idi.
Bilirsiniz, mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər.
Kənd təsərrüfatı çox ciddi, çox böyük sahədir. Əhalinin demək olar ki, yarısı kəndlərdə yaşayır. Ona görə bu sahə daim diqqət mərkəzindədir. İri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində də yaxşı nəticələr var. Proqrama görə, bizdə, ümumiyyətlə 51 aqropark və iri fermer təsərrüfatı yaradılmalıdır. Onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır. Ümumiyyətlə isə bütün aqroparkların əhatə etdiyi sahə təqribən 200 min hektara yaxın olacaqdır. İndi 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait nəzərdə tutulur. Onların istehsal edəcəyi məhsullar, indi təxmini hesablamalar göstərir ki, təqribən 800 milyon-1 milyard manata yaxın olacaqdır.
Turizm sahəsində gözəl nəticələr var. Qeyd etdiyim kimi, keçən il də 6 faiz artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bizdə turizm sənayesi yaradılmalıdır. Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi turizm bizdə çox sürətlə inkişaf edə bilər. Gözəl mətbəx, müasir infrastruktur, otellər, yollar, nəqliyyat infrastrukturu, 6 beynəlxalq aeroport. Bütün bu amillər turizmin sürətli inkişafını təmin etməlidir. Bu sahədə də islahatlar aparılıb, o cümlədən struktur islahatları, Turizm Agentliyi yaradılıbdır. Görülmüş işlərlə bağlı mənə bu yaxınlarda məruzə edildi. Mən görüləcək işlərlə bağlı öz tövsiyələrimi verdim ki, biz ümumilikdə turizm sənayesini necə yaradacağıq və müxtəlif fərdi layihələr icra edilməlidir və edilir.
Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib - həmin o dağılmış binalar, eybəcər budkalar. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq.
Bizim tarixi kəndlərimiz var. Onlardan biri Lahıc kəndidir. Bildiyiniz kimi, Şamaxıdan Lahıca daha rahat, daha təhlükəsiz, Bakıdan gələndə daha qısa yeni yol çəkildi, qaz çəkildi, yeni məktəb tikildi. Yəni, bu, bizim çox qiymətli, tarixi yerimizdir və əlbəttə ki, həm turistləri cəlb edir, həm də Lahıcda olan özünəməxsus ab-hava Azərbaycan dövlətinin nə qədər qədim və zəngin dövlət olduğunu göstərir.
Mənim Sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək.
Biz keçən il nəqliyyat sahəsi ilə bağlı çox yaxşı nəticələr əldə etmişik. Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün bir çox ikitərəfli təmaslar olub, razılaşmalar əldə edilib. Mənim keçən il Türkmənistana dövlət səfərim çərçivəsində 21 sənəd imzalanmışdır. Onlardan 9-u məhz nəqliyyat sektoruna aiddir. Türkmənistanla əldə edilmiş razılaşma imkan verəcək ki, digər Orta Asiya ölkələri, Əfqanıstan öz yüklərini Türkmənistandan keçməklə Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə dünya bazarlarına çıxara bilsinlər. Ələt Dəniz Ticarət Limanında xüsusi şərait yaradırıq. Müvafiq orqanlar həm tarif siyasətini, həm də tranzit imkanlarını dövlətlərarası səviyyədə tənzimləyiblər. Yəni, bu, bizim üçün yeni böyük nəqliyyat imkanları yaradır. Onu da bildirməliyəm ki, nəinki Orta Asiya ölkələri ilə, eyni zamanda, Əfqanıstanla danışıqlar aparılıb və aparılacaq. Biz Əfqanıstanın “Lapis-Lazuli” layihəsini Bakı-Tbilisi-Qars layihəsi ilə birləşdiririk. Artıq Əfqanıstandan da birinci yüklər Türkmənistan ərazisindən Azərbaycana, ondan sonra da Qərb istiqamətinə getməyə başlamışdır. Ona görə bizim hədəfimiz odur ki, Orta Asiyanın yüklərinin böyük hissəsini biz bu istiqamətə cəlb edək. Artıq bu proses başlanmışdır. Təbii ki, Türkmənistan bu imkanlardan istifadə edir, Tacikistan yükləri bu marşrutla gəlir, Əfqanıstan bu yolla yükləri göndərməyə başlayıb. Biz yaxın gələcəkdə Özbəkistanla da danışıqlar aparacağıq. Təbii ki, Qazaxıstanla bizim bu sahədə ənənəvi əməkdaşlığımız var və Qırğızıstan tərəfinə də biz öz təkliflərimizi göndərmişik. Ona görə çox böyük bir inkişaf olacaqdır. Biz isə keçən il Ələt Dəniz Ticarət Limanını işə saldıq, dəmir yolu da hazırdır, ona görə bütün infrastruktur var.
Keçən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 10 dəfə artıb. Bu sahədə də çox böyük işlər görülür. Biz Azərbaycanın daxilində dəmir yolunun yenidən qurulması prosesinə başlamışıq. Bu il Bakı-Yalama dəmir yolunun yenidən qurulması davam etdiriləcək. Bakı-Astara dəmir yolunun yenidən qurulması üçün bu ilin investisiya proqramında da vəsait nəzərdə tutulub. Bunlar Şimal-Cənub dəhlizi üçün çox önəmli layihələrdir. Düzdür, bu dəmir yolu var, ancaq sürət aşağıdır. Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını istifadəyə verdik, indi vaxt nə qədər qısalıbdır. Sürət qatarları həm sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz “Şahdağ” kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaqdır.
Onu da bildirməliyəm ki, keçən il Bakı və Sumqayıt dəmir yolu vağzalları yenidən quruldu. Bakı-Sumqayıt sürət qatarı işləyir və sərnişinlər bu qatardan çox razıdırlar. Müasir vaqonlar alınır. Ümumiyyətlə biz şəhər nəqliyyatı üçün əlavə tədbirlər görəcəyik. Bu il Bakıya 300 müasir avtobusun gətirilməsi nəzərdə tutulur, keçən il imzalanmış kontraktlara əsasən 300 avtobus da əlavə. Yəni, bu il Bakıya 600 avtobus gətiriləcək. Beləliklə, həm vətəndaşların rahatlığı təmin ediləcək, həm də təhlükəsizlik baxımından əlbəttə ki, bunun böyük faydası var.
Əlbəttə, bu il görüləcək işlər çoxdur. Hamısını bir iclasda qeyd etmək mümkün deyil. Amma əsas məsələlər bunlardan ibarətdir.
İclasın sonunda bildirməliyəm ki, mən keçən il noyabr ayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışam. Bu il biz İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edəcəyik. Keçən il Bakıda və şairin doğulduğu Şamaxı şəhərində Nəsimi günləri, Nəsimi festivalı keçirilmişdir. Bütün bunları və Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, mən 2019-cu ili “Nəsimi ili” elan edirəm. Sağ olun.