13 Noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan Şəxslər Günüdür.
Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı gözdən əlilliyi olan şəxslərin də sosial təminatı və reabilitasiyası, onların cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.
Ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, digər həssas qruplarla yanaşı, gözdən əlilliyi olan şəxslərin də mənzillə təminatı həyata keçirilir.
Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadə verilib. Keçən il və bu ilin ötən dövründə isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 452 mənzil təqdim edilib və proses davam etdirilir.
Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi, bölgələrimizdə (Naxçıvan, Gəncə, Yevlax) yaradılan Regional İnformasiya Mərkəzləri gözdən əlilliyi olanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmasında xüsusi önəm kəsb edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüdün məbləği də gözdən əlilliyi olan şəxslər üçün digərləri ilə müqayisədə 61,5 faiz yüksəkdir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü də ödənilir.
Həmçinin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olan, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən bu kateqoriyalardan olan görmə imkanları məhdud insanlar ödənişli əsaslarla təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən gözdən əlilliyi olanlar üçün pensiya qanunvericiliyində bir sıra güzəştlər də nəzərdə tutulub.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə imkanı məhdud şəxslərin reabilitasiyası üzrə bölmə də fəaliyyət göstərir. Burada həmin kateqoriyadan olan uşaq və gənclərə tam və ya yarımstasionar şəraitdə reabilitasiya və abilitasiya xidmətləri göstərilir.
Qurumun Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində də digər əlilliyi olan şəxslərlə yanaşı, görmə imkanı məhdud şəxslər də uyğun peşə təlimlərinə cəlb olunurlar. Eyni zamanda, görmə imkanları məhdud şəxslərin sosial reabilitasiyası məqsədilə Agentliyin sifarişləri əsasında layihələr də icra olunur.
Bu kateqoriyadan olanların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə də müvafiq işlər aparılır. Əlilliyi olan şəxslər üçün qanunvericilikdə, o cümlədən əmək münasibətlərində bir sıra güzəştlər də nəzərdə tutulub ki, bunlar gözdən əlilliyi olanları da əhatə edir.