10 may - bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.
Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanda dinamik iqtisadi inkişafını, sosial rifah halının yüksəldilməsini, Azərbaycanın gələcək müstəqilliyi üçün potensialın yaradılmasını təmin edib. 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edərək, dərin siyasi, iqtisadi və sosial böhranın qarşısının alınmasına nail olub.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin sosial sahəyə xüsusi qayğısı, uğurlu sosial inkişaf strategiyası ölkədə sosial müdafiə tədbirlərinin güclənməsinə, 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artmasına imkan yaradıb. Həmin dövrdə Azərbaycanda Əmək Məcəlləsi, məşğulluq sahəsində milli qanunvericilik aktları qəbul edilib, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin avtomobillərlə təminatı, həssas əhali qruplarının sosial dəstəklə əhatə olunması üçün mühüm proqramlara başlanıb.
Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyən, vətəndaş rifahının təminatı istiqamətində mühüm addımlar atan, dünya birliyində nüfuzlu mövqeyə malik olan bir ölkədir.
2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində möhtəşəm Zəfər əldə etməsi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi isə tariximizin ən şanlı səhifəsidir.
Qüdrətli orduya malik Azərbaycan bu gün, eyni zamanda, sosial dövlət olaraq güclü sosial siyasətə malikdir. Ölkədə əhalinin sosial müdafiəsi və aktiv məşğulluq proqramları ildən-ilə genişlənir. Şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı ötən il 5 dəfə genişləndirilib. Həmin kateqoriyalardan olan vətəndaşlara postmüharibə dövründə 3500 mənzil, ümumilikdə ötən dövrdə 12500 mənzil və fərdi ev təqdim edilib. Son 4 ildə 1450, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib.
Xüsusilə son illərdə sosial islahatlar inqilabi xarakter alıb: 2019-cu ildən ötən dövrdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 41 faiz, median əməkhaqqı 85 faiz, minimum pensiya 2,2 dəfə artırılıb, müavinət və təqaüd ödənişlərində müvafiq olaraq 3 və 5 dəfə artım baş verib. 2018-ci ilin əvvəlinə nisbətən ölkəmizdə orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz artıb. 2018-2022-ci illərdə sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə illik xərclərdə 70 faiz artım olub. Əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondu 2,2 dəfə artıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət, Ulu öndərin əbədiyaşar ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq.