Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində əldə etdiyi Qələbələrlə yeni şanlı qəhrəmanlıq tarixi yazır. Qazanılan zəfərlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərində də sonsuz iftixar hissi yaradır.
Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lerik, Xızı, Quba rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evlərinin təqdim edildiyi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri tərəfindən vurğulanıb.
Üç rayonda ümumilikdə 14 ev (o cümlədən Lerikdə 6, Xızıda 4, Qubada 4 ev) təqdim edilib. Bununla əlaqədar Xızının Yeni Yaşma kəndində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov iştirak ediblər.
Bildirilib ki, Silahlı Qüvvələrimizin uğurlu əks-hücum əməliyyatları, doğma torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi istiqamətində ardıcıl zəfərləri, düşmənə vurduğu sarsıdıcı zərbələr şəhidlərimizin də ruhunu sevindirir. Bu gün hər bir azərbaycanlının qəlbində tam əminlik var ki, qısa zamanda Azərbaycanın güclü Ordusu işğal altında olan bütün ərazilərimizi tam azad edəcək.
Ölkəmizdə Qələbə ovqatının hökm sürdüyü bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək qayğısı nəticəsində şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı tədbirləri də davam edir.
Vurğulanıb ki, dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 664 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 110 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8252 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri diqqət və qayğı ilə əhatə olunduqlarına, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan mühüm işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.