Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları İSO təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) “İSO 37001 standartının (anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi) tətbiqi üzrə mütəxəssis hazırlığı” təlim kursuna cəlb olunublar.
Beynəlxalq təlimçilər tərəfindən online formatda həyata keçirilən təlimi başa vurmuş Xidmət əməkdaşları test imtahanından keçərək “İSO 37001 standartının tətbiqi üzrə mütəxəssis” beynəlxalq sertifikatına yiyələniblər.
İSO 37001 standartı korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etmək üçün tətbiq edilən bir sıra mexanizmləri əhatə edir. Bu standartı əldə etmək istəyən qurum üçün üç mərhələ nəzərdə tutulub. İlk mərhələ müvafiq təlim kursuna cəlb edilmə, ikinci mərhələ təlimdən keçmiş mütəxəssislər tərəfindən standartın tələblərinə uyğun idarəetmə sisteminin çalışdıqları qurumda tətbiq edilməsidir. Üçüncü və son mərhələ isə qurumda standartın tələblərinə uyğun idarəetmə sisteminin tətbiqinin qiymətləndirilməsidir. Bu qiymətləndirməni müvafiq beynəlxalq akkreditasiyaya malik təşkilat aparır və tətbiq edilmiş idarəetmə sisteminin standartın müddəalarına uyğunluğunu qiymətləndirərək müvafiq sertifikat ilə təsdiq edir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları artıq gələn aydan ikinci mərhələ üzrə işləri, yəni İSO 37001 standartının Xidmətdə tətbiqi istiqamətində işləri yerinə yetirməyə başlayacaq.
Gələn ilin ortalarınadək bu prosesin yekunlaşdırılması nəzərdə tutulur.