Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) pensiyaların maliyyələşdirilməsi ilə bağlı dövlət öhdəliklərinin icrası üçün transfertin (dövlət büdcəsindən ayrılan vəsaitin) həcmi 903 mln. manat müəyyən olunsa da, həmin vəsaitin 848 mln. manat istifadə edilib.
Beləliklə, yanvar-iyun aylarında Fondun xərcləri 24% və ya 453 mln. manat artsa da, transfertin həcmi proqnozdan 55 milyon manat və ya 6% az olub.
Ümumilikdə son illərdə sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunması Fondun transfert asılılığının əhəmiyyətli dərəcədə azalmasına imkan yaradıb.
Dövlət büdcəsindən ayrılan vəsaitin Fondun gəlirlərində nisbi payının 2020-ci ildə 2017-ci illə müqayisədə 13% azalaraq 25% təşkil edəcəyi proqnozlaşdırılır. Bu da Fondun dövlət büdcəsindən aslılığının azalması və maliyyə dayanıqlığının möhkəmlənməsinin əsas göstəricisidir.
Qeyd edək ki, pensiyaların təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 mln. manat, 2019-cu ildə 104 mln. manat, 2020-ci ilin ilk altı ayında 55 mln. manat vəsaitə qənaət edilməsinə imkan verib. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 mln. manat təşkil edib.