Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq sahələr üzrə işəgötürənlərin də iştirakı ilə yeni bir sıra peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb. Bu layihələr “Bitki yağlarının istehsalı operatoru”, “Çörək və bulka məmulatınin istehsali üzrə maşın operatoru”, “Dəniz məhsulları emalı operatoru”, “Ət məhsullarının istehsalı operatoru”, “Konservləşdirilmiş meyvə-tərəvəz istehsalı operatoru”, “Pendir istehsalçısı, süd məhsulları istehsalı operatoru” peşələrini əhatə edir.
Nazirlikdə yaradılmış İctimai iaşə və qida sənayesində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının videokonfrans formatında ilk iclasında həmin peşə və kvalifikasiya standartlarının layihələri müzakirə olunub.
İclasda İqtisadiyyat, Təhsil, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Statistika Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Texnologiya və İqtisad universitetlərinin, habelə Milli Kulinariya Mərkəzi və bir neçə sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib.
Bildirilib ki, ölkəmizdə işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin artırılması və iqtisadi inkişafın tələblərinə uyğunlaşdırılması, beynəlxalq standartlara cavab verən kadr potensialının formalaşdırılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətlərindəndir. Peşə və kvalifikasiya standartlarının hazırlanması və işəgötürənlərin istifadəsinə verilməsi də bu məqsədə xidmət edən işlərdən biridir.
Müzakirələrdə peşə standartların məzmunu ilə yanaşı, layihələrdə əks olunmuş peşələr üzrə bilik və bacarıqlara, istehsalın inkişafı nəticəsində qeyd olunan sahələrdə yaranacaq yeni səriştələrə xüsusi diqqət yetirilib.
Müzakirələrin nəticəsi olaraq sahə komissiyası tərəfindən peşə və kvalifikasiya standartlarının layihələri məqbul hesab edilərək səs çoxluğu ilə qəbul edilib.