20 il bundan əvvəl, 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın yüksək inam və etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır.
Dövlət başçısının uğurlu sosial siyasətinin nəticəsi olaraq ötən 20 ildə:
• dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb;
• minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb;
• orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb;
• əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib;
• pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 mlrd. manat (70 faiz) artaraq 6 mlrd. manata çatıb;
• ünvanlı sosial yardım proqramına başlandığı 2006-ci ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb.
Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 mlrd. manata çatıb.
Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılıb.
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə uğurla davam etdirilib. Xüsusilə də tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib və onlara postmüharibə dövründə 5 300, ümumilikdə ötən dövrdə 14 100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7 500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.
Ümumilikdə postmüharibə dövründə dövlət başçısının göstərişi əsasında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı artıq 124 min şəxsi əhatə edib, onlara 309 min xidmət göstərilib. Mənzil və avtomobillə təminat prosesi ilə yanaşı, bu proqram çərçivəsində həmçinin:
• 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub;
• 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
• 20 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
• müharibə ilə əlaqədar əlilliyi olan 2012 şəxs 44,6 mindən çox reabilitasiya vasitəsi (o cümlədən 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə) təmin olunub və s.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Dövlət başçısının Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə artıq 1,8 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.
Son 20 ildə muzdla çalışanların sayı 544 min və ya 44 faiz artaraq 1 mln. 770 minə çatıb. Aktiv məşğulluq proqramları daim genişlənir. Təkcə son 5 ildə 1 milyondan çox şəxs məşğulluq proqramları ilə əhatə olunub. 452 min şəxs işlə təmin olunub, 21 min şəxs peşə hazırlığına, 511 min şəxs peşəyönümü xidmətlərə cəlb olunub.
Özünüməşğulluq proqramına cəlb olunanların illk sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən ötən dövrdə 14 dəfə artırılaraq 16 mini ötüb və artıq 73 min şəxs özünüməşğulluq proqramı üzrə verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıb.
Habelə son illər sosial sahədə geniş elektronlaşma proqramı icra edilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 140-dan çoxu (90 faiz) elektron platformada təqdim edilir. Həmçinin 30 e-arayış, 51 proaktiv təyinat xidməti, ölkənin elektron sosial reyestri, “Əmək və Məşğulluq” altsistemi və s. yaradılıb. Ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək qiymətləndirilərək, son 5 ildə 46 beynəlxalq mükafat və sertifikat əldə olunub.
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi qarşıdakı dövrdə də ölkəmizə yeni-yeni tarixi nailiyyətlər, qələbələr qazandıracaq.